Belə bir deyim var: şəhərdə axırıncı olmaqdansa, kənddə birinci olmaq yaxşıdır. İndi ölkəmizin mini futbol üzrə milli komandasının uğurları bu məsəli xatırladır. Futbolda axırıncılardan olan Azərbaycan millisi, mini futbolda birincidir. O mini futbolda ki, dünyada əsasən həvəskarlar və ya yarım-peşəkarlar oynayır, FİFA ekosistemindən kənardadır, geniş azarkeş kütləsi yoxdur və bu idman növünə daha çox əyləncə kimi baxılır. Bizimkilər isə karyerasını bitirmiş peşəkar futbolçuları komandaya yığıb gedib həvəskarları udub stəkanda fırtına yaradırlar.
Bu fırtınanın nəticəsidir ki, Dünya Minifutbol Federasiyasının (WMF) elan etdiyi son reytinq cədvəlində ölkəmiz 4085 xalla birinci yerdədir.
İkinci pillədə qərarlaşan son Avropa çempionu Serbiyanın 3890 xalı var. Minifutbolun köklü komandalarından olan Rumıniya isə 3385 xalla ilk üçlüyü tamamlayır. Göründüyü kimi bu reytinqdə əsl futbol ölkələri, prestijli komandaların adı yoxdur.