DÇ-2026-nın 1/8 finalında Mərakeşə penaltilər seriyasında məğlub olaraq (əsas vaxt 1:1, penaltilər 2:3) mundialla vaxtından əvvəl vidalaşan Niderland millisində ciddi ayrılıq baş verib. Komandanın 63 yaşlı baş məşqçisi Ronald Kuman postunu tərk etdiyini açıqlayıb.
2023-cü ilin əvvəlindən “narıncılar”a rəhbərlik edən təcrübəli mütəxəssis sosial şəbəkə hesabında bu sözləri yazıb: “Niderland millisinin baş məşqçisi karyeramı başa vurmağa qərar verdim. Birlikdə dünya çempionatında tarix yazmaq arzusu ilə yola çıxmışdıq. Təəssüf ki, bu, baş tutmadı. Hazırda heç kim məndən daha çox məyus deyil. Baş məşqçi olaraq bu məsuliyyəti öz üzərimə götürürəm”.
Niderlandın mundialdan kənarlaşması dünya futbolunun əfsanəvi siması Zlatan İbrahimoviç tərəfindən sərt tənqidlə qarşılanıb. “FOX Sports”un efirində çıxış edən isveçli sabiq hücumçu Kumanı niderlandlıların oyun fəlsəfəsini məhv etməkdə ittiham edib: “Bu məğlubiyyətdə birbaşa Kuman günahkardır, çünki mən meydanda Hollandiya komandası görə bilmədim. O, holland futboluna tamamilə yad olan bir üslubla uduzdu və bu, məni hiddətləndirir. Bizə hər zaman bir şeyi öyrədiblər: hücum, hücum və yenə də hücum! Meydandakı mənzərə isə Niderlandın ruhuna uyğun deyildi. Kuman italyan məşqçilər kimi davranırdı və qələbə üçün yox, uduzmamaq üçün oynayırdı. Amma Niderland həmişə qələbə üçün oynamalıdır. Uduzsan belə, öz kimliyini itirməməlisən. Futbolçuların meydanda özlərini narahat hiss etdikləri aydın görünürdü. Topa nəzarət itmişdi, hücum futbolu yox olmuşdu… Hər şey çox bərbad idi və bunun tək səbəbkarı Kumandır”.
Kumanın gedişindən dərhal sonra bukmeker kontorları Niderland millisinin növbəti sükan arxasına keçə biləcək namizədlərin siyahısını və əmsallarını açıqlayıb. Hazırda əsas favorit “Liverpul”un sabiq baş məşqçisi Arne Slotdur. Ölkə futbolunun canlı əfsanəsi Lui van Qal və Mihael Raytsiger isə ilk üçlükdə yer alıblar.
Bukmekerlərin təyin etdiyi ehtimallara görə namizədlərin siyahısı belədir:
1. Arne Slot 2.37
2. Lui van Qal 4.33
3. Mihael Raytsiger 5.00
4. Ruud van Nistelroy 6.00
5. Peter Boş 6.50
6. Conni Heytinqa 7.00
7. Erik ten Haq 8.00
8. Robin van Persi 11.00