İspaniya nəhəngi dünya futbolunun ən perspektivli gənc istedadlarından biri hesab olunan kot-d’ivuarlı vingerin transferini sosial şəbəkə hesabları vasitəsilə rəsmən açıqlayıb.
Madrid təmsilçisi 19 yaşlı futbolçunun keçidi üçün Almaniyanın “Leypsiq” klubuna 125 milyon avro sabit transfer haqqı ödəyəcək. Müqavilədə əlavə 15 milyon avro məbləğində bonuslar da nəzərdə tutulub. Diomande “Kral klubu” ilə 2033-cü ilin yayına qədər qüvvədə olacaq yeddi illik müqavilə imzalayıb.
Bu transferlə kot-d’ivuarlı futbolçu sabit transfer məbləğinə görə “Real” tarixinin ən bahalı futbolçusuna çevrilib. Ümumi məbləğ baxımından rekord isə hələlik Cud Bellingemə məxsusdur. İngiltərəli yarımmüdafiəçi Dortmund “Borussiya”sından 103 milyon avro sabit ödəniş və 30,9 milyon avroya qədər bonuslar qarşılığında transfer edilmişdi.
Lakin Diomandenin müqaviləsində nəzərdə tutulan bütün bonuslar ödənilərsə, transferin ümumi dəyəri 140 milyon avroya çatacaq. Bu halda afrikalı futbolçu Bellingemi geridə qoyaraq “Real” tarixinin ən bahalı transferi olacaq.
Abidcanda anadan olan gənc vinger “Leypsiq”ə İspaniyanın “Leqanes” klubundan transfer olunmuşdu. O, Bundesliqadakı ilk mövsümündəcə böyük potensialını nümayiş etdirərək diqqətləri üzərinə çəkib. Sürəti, fərdi texnikası və driblinqi ilə seçilən futbolçu Almaniya çempionatında keçirdiyi 33 oyunda 12 qol vurub, 9 məhsuldar ötürmə edib və mövsümün ən parlaq gənc oyunçularından biri kimi qiymətləndirilib. Diomande bu il keçirilən dünya çempionatında da Kot-d’İvuar millisinin əsas simalarından biri olub. Gənc hücumçu uğurlu çıxışı ilə komandasının pley-off mərhələsinə yüksəlməsində mühüm rol oynayıb və turnirdə nümayiş etdirdiyi oyunla Avropanın aparıcı klublarının, eləcə də futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb.