Dramatik keçən Xorvatiya matçından (2:1) sonra Portuqaliya mətbuatı baş məşqçi Roberto Martinesin taktiki gedişlərini və Qonsalo Ramosun komandadakı rolunu müzakirə edir. “Radio Renascenca” qeyd edir ki, Torontoda baş tutan qarşılaşmanın ikinci hissəsində nümayiş olunan baxımlı oyun Ramosun qolu ilə məntiqi sonluğuna çatdı. Martinesin 63-cü dəqiqədə eyni anda etdiyi dörd əvəzləmə və matçın axarını dəyişməsi mətbuat tərəfindən “taktiki gediş” kimi qiymətləndirilib.
“A Bola” və “Record” qəzetləri isə Ramosun ətrafındakı köhnə debata toxunub. Ekspertlər və azarkeşlər hücumçunun start heyətində yer almalı olduğunu müdafiə edirlər. “Record” nəşri mövzuya qısa və konkret münasibət bildirib: “Matçın sonunda qola ehtiyacımız varsa, Qonsalo Ramosa arxalana bilərik”.
Portuqaliya mediası qələbədə VAR sisteminin rolunu da xüsusi vurğulayır. Matçın sonuna əlavə olunmuş dəqiqələrdə xorvatların vurduğu qolun VAR tərəfindən ləğv edilməsi Portuqaliyanın növbəti mərhələ şanslarını qorudu.1/8 finalda Portuqaliyanı çətin İspaniya sınağı gözləyir. Son Avropa çempionu İspaniya qrupdakı uğursuz startdan sonra sürət yığıblar və son oyunda Avstriyanı rahatlıqla (3:0) məğlub ediblər. “Radio Renascenca” xəbərdarlıq edir: “Qonşularımız İspaniya növbəti mərhələyə adlayarkən bizim Xorvatiya matçında xərclədiyimiz qədər enerji və emosiya itirməyib. Bizi çox çətin oyun gözləyir”.