İngiltərə millisinin və “Mançester Siti”nin sabiq ulduzu Rahim Sterlinq ciddi hüquqi problemlə üzləşib. 31 yaşlı futbolçuya qarşı bir neçə maddə üzrə rəsmi ittiham irəli sürülüb. Günahı məhkəmədə sübuta yetiriləcəyi təqdirdə onu 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
İngiltərənin “The Sun” nəşrinin məlumatına görə, hadisə bu ilin mayında səhər saatlarında London-Sauthempton magistralının (M3) bir hissəsində baş verib. Sterlinqin idarə etdiyi, dəyəri təxminən 350 min dollar (320 min avro) olan “Lamborghini” markalı lüks avtomobil yoldan çıxaraq qəza törədib.
Hadisə yerinə gələn polis əməkdaşları avtomobildə Böyük Britaniyada 2023-cü ildən etibarən satışı və saxlanılması qanunla məhdudlaşdırılan azot oksidi (“gülüş qazı”) aşkar ediblər.
Futbolçuya ehtiyatsız və təhlükəli avtomobil idarə etmək, sərxoşluq və keyimə yaratmaq məqsədilə azot oksidi saxlamaq, həmçinin sərxoşluq testindən və analiz verməkdən imtina etmək ittihamları irəli sürülüb.
Sterlinq hazırda zaminə buraxılıb. Onun məhkəmə prosesi sentyabrın 15-də keçiriləcək. Zəmanət şərtlərinə əsasən, futbolçu sentyabrın 12-də polis bölməsinə gedərək qeydiyyatdan keçməlidir.
Bu, Sterlinqin qanunla ilk qarşıdurması deyil. O, 2013-cü ildə sevgilisinə qarşı zorakılıq tətbiq etmək şübhəsi ilə saxlanılsa da, sonradan məhkəmədə bəraət alıb. 2015-ci ildə isə futbolçunun azot oksidindən istifadə etdiyini əks etdirən fotolar mətbuatda yayılmışdı.
Sterlinq ötən mövsümün ikinci yarısını Niderlandın “Feyenoord” klubunda keçirib. Hazırda isə 31 yaşlı hücumçu klubsuzdur və azad agent statusundadır.
Peşəkar karyerasında “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” kimi klubların formasını geyinən Sterlinq ən parlaq dövrünü “Mançester Siti”də keçirib. O, “şəhərlilər”in heyətində 339 rəsmi oyuna çıxıb, 131 qol vurub və 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.