“Qızıl top”a namizəd Harri Keyn: “Messi və Ronaldu kimi 40 yaşımadək oynaya bilərəm”

07.09.26 | 17:38
Dünya futbolu

Karyerasının ən məhsuldar dövrünü yaşayan İngiltərə millisinin və “Bavariya”nın kapitanı Harri Keyn iddialı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Keçən mövsüm vurduğu 73 qolla rekorda imza atan və “Qızıl top” mükafatının əsas favoriti hesab edilən 33 yaşlı hücumçu yaşın onun üçün sadəcə rəqəm olduğunu bildirib.

“TNT Sports” kanalına geniş müsahibə verən təcrübəli forvard karyerasını uzun illər yüksək səviyyədə davam etdirmək niyyətində olduğunu vurğulayıb.

“Messi, Ronaldu və Modriç mənə motivasiya verir”

Keyn gələcək hədəflərindən danışarkən dünya futbolunun canlı əfsanələrini onun üçün nümunə olduqlarını gizlətməyib: “Hər mövsümün əvvəlində özümə hər hansı məhdudiyyət qoymuram. Çatılması çətin görünən hədəflər müəyyənləşdirib nəyə qadir olduğumu görmək istəyirəm. Ötən mövsüm karyeramın ən yaxşı göstəricisindən belə 20 qol çox vurdum. İndi özümü çox yaxşı hiss edirəm və düşünürəm: ‘Bu formu necə saxlayım ki, əbədi sürsün?’

Əlbəttə, bunun imkansız olduğunu bilirik. Lakin Messi, Ronaldu və Luka Modriç kimi futbolçuların 30-u arxada qoyub, 40 yaşında belə yüksək səviyyədə çıxış etdiyini görəndə, bu mənə böyük motivasiya verir. Münhen ‘Bavariya’sında hər il titul və Çempionlar Liqası uğrunda mübarizə aparacağımı bilirəm. Həm klub, həm də milli komanda səviyyəsində hələ qazanmaq istədiyim kuboklar var”.

25 illik həsrət və “Qızıl top” gözləntisi

İngiltərə futbolu 2001-ci ildə Maykl Ouenin qazandığı uğurdan bəri “Qızıl top”a həsrətdir. Ouen Keynin ötən mövsüm göstərdiyi oyunu “fenomenal” adlandıraraq, onu bu titulu qazanmış məhdud sayda ingilis futbolçular siyahısında görmək istədiyini bildirib.

Keyn isə mükafat haqqında fikirlərini belə ifadə edib: “Bunları eşitmək qürurvericidir. Lakin bu mükafat artıq mənim nəzarətimdə deyil – hər şey səsvermədən asılıdır. Mən sadəcə keçirdiyim mövsümlə fəxr edə bilərəm. Düşünəndə ki, vaxtilə peşəkar futbolçu olmaq xəyalı ilə yaşayan bir azarkeş idim, indi isə ‘Qızıl buts’ alıram və ‘Qızıl top’a namizədəm – bu, həqiqətən də möhtəşəmdir”.

“Çempionlar Liqasını qazanmaq vaxtıdır”

Ötən mövsüm Vinser Kompaninin rəhbərliyi altında daxili arenada böyük uğurlar qazanan “Bavariya”, Çempionlar Liqasında yarımfinalda PSJ-yə məğlub olaraq turnirlə vidalaşmışdı. Almaniya nəhəngi 2020-ci ildən bəri qazana bilmədiyi bu kuboka bu il tam köklənib.

Təcrübəli hücumçu Avropa zəfəri barədə xüsusi vurğu edib: “Biz hədəfə çox yaxınıq. Çempionlar Liqasında yalnız ən yaxşı komanda olmaq kifayət etmir, həm də lazımi məqamda şans və şərait sizin tərəfinizdə olmalıdır – zədələrdən yayınmaq, heyətin tam hazır olması vacibdir. Ötən mövsüm PSJ ilə oyunlarımız son dərəcə gərgin keçdi. Bu il də eyni mübarizə olacaq. Əsas məsələ bizi finala və kuboka aparacaq o kiçik üstünlüyü tapmaqdır. Başlıca hədəfimiz budur”.

Tənqidlərə cavab: “Geriyə çəkilməyim məqsədli taktikadır”

Keyn oyun üslubu ilə bağlı tez-tez səslənən “qapıdan çox uzaqlaşır və geriyə çəkilir” tənqidlərinə də aydınlıq gətirib. O, bunun baş məşqçi Vinsent Kompani ilə razılaşdırılmış xüsusi taktiki gediş olduğunu bildirib: “Bəzən belə bir yanlış təsəvvür yaranır ki, geriyə qayıdırsansa, qapıdan uzaq düşürsən. Lakin mərkəz hücumçusu kimi irəlidə qalanda iki müdafiəçinin sıx nəzarətində olursan və bəzən topa belə toxuna bilmirsən.

Kompani ilə də bu barədə danışmışıq. Ötən mövsüm dərindən – demək olar ki, ‘6 nömrə’ mövqeyindən topları qəbul edib, sonradan cərimə meydançasına daxil olurdum. Bu zaman rəqib yarımmüdafiəçisi və ya müdafiəçiləri məni kimin saxlamalı olduğunu kəsdirə bilmirlər. Bu taktika mənə cərimə meydançasına hücum etmək üçün daha çox imkan yaradır”.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28