Ağdamın “Qarabağ” klubunun sabiq qapıçısı Mateuş Koxalski karyerasını vətənində davam etdirəcək. Ötən mövsüm Çempionlar Liqasında “Köhlən atlar”ın uğurlu çıxışında pay sahibi olan 24 yaşlı qolkiper Polşanın “Veçista” klubu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.
Krakov təmsilçisi transfer pəncərəsi bağlandıqdan sonra növbəti dəfə heyətini gücləndirib. Ekstraklasada keçirdiyi ilk 6 matçda 4 xal toplayan və qapısında 13 qol görərək turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Veçista”da əsas problem məhz müdafiə xətti və qapı idi. Antoni Mikulko və Nikola Çavlinanın sərgilədiyi qeyri-sabit oyundan sonra klub rəhbərliyi avrokubok təcrübəsi olan polşalı qapıçını transfer etmək qərarına gəlib.
Xatırladaq ki, Koxalski “Qarabağ”ın heyətində Çempionlar Liqasında unudulmaz oyunlar keçirib. Azərbaycan təmsilçisi “Benfika”, “Kopenhagen” və “Ayntraxt” kimi komandaları məğlub edərək pley-off mərhələsinə yüksəlib. Polşalı qolkiperin Ağdam klubundakı ən yaddaqalan anlarından biri isə “Napoli” ilə matçda Rasmus Hoylundun zərbəsindən sonra penaltini dəf etməsi olub.
“Qarabağ”da iki mövsüm keçirən və ölkə çempionluğu sevinci yaşayan Koxalski sosial şəbəkə hesabında keçmiş klubuna minnətdarlığını bildirib: “Qarabağ” mənə xaricdə ilk dəfə özümü sınamaq imkanı verdi. Buraya Polşadan nisbətən az tanınan qapıçı kimi gəlmişdim, indi isə uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq və Azərbaycan çempionu olmaq arzumu gerçəkləşdirərək gedirəm. Mənə göstərilən etimada və unudulmaz xatirələrə görə təşəkkürlər, “Qarabağ”!”
Karyerası ərzində “Legiya”, “Radomyak”, “Stal Myelets” kimi klubların da şorəsini qoruyan qapıçı ötən il demək olar ki, 1 milyon avro qarşılığında “Qarabağ”a transfer olunmuşdu. İndi isə o, Polşaya qayıdaraq karyerasında yeni səhifə açır.