Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşmanın ilk dəqiqələrindən gözlənildiyi kimi, dominant tərəf Ağdam təmsilçisi olub. Start fitindən etibarən oyunun tempini müəyyənləşdirən “Köhlən atlar”, rəqibini öz yarımsahəsinə sıxışdırıb. “Araz-Naxçıvan” isə əsasən müdafiəyə qapanaraq rəqib hücumlarının qarşısını almağa çalışıb.
Meydan sahiblərinin ərazi üstünlüyü artıq 8-ci dəqiqədə hesaba yansıyıb – Coni Montyel dəqiq zərbə ilə “Qarabağ”ı önə keçirib. Təşəbbüsə yiyələnən Ağdam təmsilçisi ilk hissənin sonuna qədər oyuna nəzarəti əldə saxlasa da, fərqi artırmaqda çətinlik çəkib. Qurban Qurbanovun komandasının oyuna diqqtə etməsinə rəğmən, hücumların təşkilində və son zərbələrdə müəyyən axsamalar diqqətdən yayınmayıb. Bu çətinliklərin əsas səbəblərindən biri kimi heyətin hələ tam uyğunlaşmaması və futbolçular arasında lazımi anlaşmanın formalaşmaması göstərilə bilər.
İkinci yarıda da oyunun ssenarisi dəyişməyib. Hücumlarını davam etdirən ağdamlılar 67-ci dəqiqədə Renaldo Sefasın qolu ilə fərqi iki topa çatdırıblar. Lakin qonaqların cavabı çox ləngiməyib – 73-cü dəqiqədə Luka Dumançiç fərqi minimuma endirib.
Qarşılaşmanın son dəqiqələri isə xüsusilə gərgin keçib. 89-cu dəqiqədə Musa Qurbanlı fərqlənərək “Qarabağ”ın iki top fərqilə üstünlüyünü bərpa edib – 3:1. Buna baxmayaraq, “Araz-Naxçıvan” sona qədər mübarizəni dayandırmayıb. Ağadadaş Salyanski 90+3-cü dəqiqədə daha bir qol vuraraq hesabı 3:2-yə çatdırsa da, qonaqların tarazlığı bərpa etməyə nə vaxtı, nə də imkanı qalıb.
Beləliklə, “Qarabağ” oyun boyu üstünlüyünü qoruyaraq “Araz-Naxçıvan” üzərində vacib qələbə qazanıb. Ağdam təmsilçisi istədiyi 3 xalı əldə etsə də, qarşılaşmanın həyəcanlı sonluğu komandanın müdafiə xəttində və oyun intizamında hələ də həllini gözləyən problemlərin olduğunu nümayiş etdirib.
Qarabağ – Araz-Naxçıvan 3:2 (1:0)
Qollar: Coni Montyel, 8 (1:0), Renaldo Sefas, 67 (2:0), Luka Dumançiç, 73 (2:1), Musa Qurbanlı, 89 (3:1), Ağadadaş Salyanski, 90+3 (3:2).
Qarabağ: Martin Zlomisliç, Marko Yankoviç (k), Mateus Silva, Bruno Lanqa, Coni Montyel (Musa Qurbanlı, 66), Çebrail Makretskis, Aleksey Kaşşuk, Taofik İsmahil (Renaldo Sefas, 66), Cəli Muaddib, Bense Varkonyi, Diyeqo Rosa (Pedro Bikalyo, 73).
Araz-Naxçıvan: Tərlan Əhmədli, Mustafa Əhmədzadə (Ceyhun Nuriyev, 65), Mamadu Kane, Omar Buludov, Patrik Andrade (k) (Alberto Fernandes, 75), İssuf Paro (Bruno Franko, 37), Mohamed Mara, Boyan Letiç, Luka Dumançiç, Abdalla Sudi (Ağadadaş Salyanski, 65), Rövlan Muradov (Şarl Boli, 75).
Sarı vərəqələr: Çebrail Makretskis, Rövlan Muradov, Mustafa Əhmədzadə, Mamadu Kane.
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.
Turnir cədvəli
| № | Komanda | O | Q | H | M | T-N | X |
| 1 | Neftçi | 4 | 3 | 0 | 1 | 12-3 | 9 |
| 2 | Sabah | 3 | 3 | 0 | 0 | 8-0 | 9 |
| 3 | Qarabağ | 3 | 3 | 0 | 0 | 7-3 | 9 |
| 4 | Zirə | 4 | 3 | 0 | 1 | 6-6 | 9 |
| 5 | Turan-Tovuz | 4 | 2 | 1 | 1 | 3-2 | 7 |
| 6 | Şamaxı | 4 | 1 | 2 | 1 | 5-4 | 5 |
| 7 | Qəbələ | 4 | 1 | 1 | 2 | 2-3 | 4 |
| 8 | İmişli | 4 | 1 | 1 | 2 | 3-5 | 4 |
| 9 | Kəpəz | 3 | 1 | 0 | 2 | 2-6 | 3 |
| 10 | Şəfa | 4 | 1 | 0 | 3 | 2-7 | 3 |
| 11 | Araz-Naxçıvan | 4 | 0 | 1 | 3 | 2-9 | 1 |
| 12 | Sumqayıt | 3 | 0 | 0 | 3 | 2-6 | 0 |
Bombardirlər: 5 qol: B. Almeyda (“Neftçi”), 4 qol: Mikkels (“Sabah”)