Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib. UEFA-nın təyinatına əsasən, Bakıdakı görüşü 34 yaşlı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.
Cümə axşamı keçiriləcək qarşılaşma hər iki komanda üçün həlledici əhəmiyyət daşıyır. İlk oyundakı nəticədən asılı olaraq “Qarabağ”a mərhələni adlamaq üçün heç-heçə kifayətdir, “Tvente” isə səfərdə mütləq qələbə qazanmalıdır. Niderland təmsilçisi bir top fərqi ilə qalib gələrsə, cütün taleyi əlavə vaxtda müəyyənləşəcək.
İlk görüşdə alban referi Yucin Cayanın qərarları, eləcə də çoxsaylı vərəqələri Niderland mediasında müzakirələrə səbəb olmuşdu. Cavab matçında isə Saqqiyə həmyerliləri Anders Olav Dale və Ole Andreas Hauksen yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək. VAR otağında Kristoffer Haqenes, AVAR vəzifəsində isə avstriyalı Alan Kiyas çalışacaq.
Saqqi Norveç futbolunda artıq kifayət qədər böyük təcrübəyə malikdir. O, ölkə çempionatında 190-dan çox qarşılaşmada baş hakim kimi meydana çıxıb. Bu oyunlarda 666 sarı və 34 qırmızı vərəqə göstərib, 58 dəfə isə penalti təyin edib.
Avrokuboklarda da 42 matç idarə edən norveçli referinin aktivində 144 sarı, 7 qırmızı vərəqə və 7 penalti qərarı var. Statistik göstəricilər Saqqinin Norveç çempionatında penalti qərarlarına avrokuboklarla müqayisədə daha çox müraciət etdiyini göstərir.
Saqqinin hakimlik karyerası yalnız statistik göstəricilərlə yadda qalmayıb. O, Norveçdə bir sıra mübahisəli qərarları ilə də diqqət mərkəzinə düşüb.
2020-ci ildə “Valerenga” – “Stabæk” qarşılaşması referinin karyerasında ən çox müzakirə olunan oyunlardan birinə çevrilib. Saqqi matçdan sonra iki mühüm qərarında səhvə yol verdiyini etiraf edib. Onun Herolind Şalaya ikinci sarı vərəqə göstərərək meydandan qovması və digər epizodlardakı qərarları ciddi tənqid olunub. Norveç Futbol Federasiyasının hakimlər üzrə rəhbərliyi ilə aparılan müzakirədən sonra Saqqinin növbəti turda oyuna təyin edilməməsinə qərar verilib.
Referinin adı 2023-cü ildə isə daha dramatik hadisə ilə gündəmə gəlib. “Stabæk” – “Volerenga” matçından sonra meydanı tərk edən Saqqinin başına tribunalardan atılan butulka dəyib. Zərbədən sonra yerə yıxılan hakim həkim müayinəsindən keçib və ona yüngül beyin silkələnməsi diaqnozu qoyulub. Hadisə Norveç futbolunda ciddi rezonans doğurub və ölkənin futbol qurumu hücumu “tamamilə qəbuledilməz” adlandırıb.
Norveçli referinin “Qarabağ” – “Tvente” qarşılaşmasına təyinatını Azərbaycan futbolu baxımından maraqlı edən məqamlardan biri də onun ölkəmizlə əvvəlki əlaqəsidir.
Saqqi karyerasının ilk illərində, 2018–2019-cu illərdə UEFA U-19 Avropa çempionatının seçmə mərhələsində lkəmizin müvafiq yaş qrupundan ibarət milli komandanın oyunlarından birini idarə edib.
Bununla belə, norveçli FIFA referisi indiyədək Azərbaycan millisinin əsas komandasının, eləcə də ölkəmizi avrokuboklarda təmsil edən əsas klub komandalarının rəsmi görüşlərində baş hakim kimi çalışmayıb.
Bu baxımdan Bakıdakı “Qarabağ” – “Tvente” qarşılaşması Saqqinin Azərbaycan futbolunun əsas səviyyəsində ilk təyinatı olacaq.
“Tvente”nin mərhələni keçmək üçün qələbəyə məcbur olduğu, “Qarabağ”ın isə evdə üstünlüyünü qorumağa çalışacağı qarşılaşmada Saqqinin qərarları da diqqət mərkəzində olacaq. Xüsusilə onun Norveçdəki mübahisəli oyun təcrübəsi fonunda UEFA-nın bu vacib görüş üçün məhz 34 yaşlı referiyə etimad göstərməsi matça əlavə maraq qatır.