Azərbaycan çempionu “Qarabağ” yay transfer pəncərəsində ilk ciddi addımını atıb. Ağdam təmsilçisi Kiprin “Omoniya”nın aparıcı üzvlərindən olan Jali Muaddibi rənglərinə bağlayıb.
Transferlə bağlı ən mötəbər açıqlama Kiprin “SportFM” radiosu vasitəsilə gəlib. “Omoniya”nın meneceri Giorgos İrakleus yerli mətbuata verdiyi müsahibədə fransalı vingerin artıq “Qarabağ”la razılaşdığını təsdiqləyib. Menecer 25 yaşlı futbolçunun yeni mövsümdə Kiprdə qalmayacağını və karyerasını Azərbaycanda davam etdirəcəyini qəti şəkildə bildirib.
“Qarabağ”ın bu transferdəki ən böyük uğurlarından biri futbolçunu azad agent kimi heyətinə qatmasıdır. Bazar dəyəri 375 min avro olan Muaddib üçün Ağdam klubu heç bir təzminat ödəməyəcək. Cari mövsüm Kipr çempionatında 28 oyuna çıxaraq 4 qol və 6 məhsuldar ötürmə (cəmi 10 xal) ilə yadda qalan fransalının, hücumun hər iki cinahında effektiv oynama bacarığı “köhlən atlar”ın oyun sisteminə uyğun gəlir.