Türkiyə Superliqasının VII turunda “Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı 3:1 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi qələbəni 90-cı və 90+7-ci dəqiqələrdə vurduğu qollarla rəsmiləşdirib. Komanda matçın 64-cü dəqiqəsindən etibarən azlıqda mübarizə aparıb.
RAMS Parkda keçirilən görüşdə hesabı ilk hissənin son dəqiqəsində Abdülkərim Bardakcı açıb. O, Batrakovun cərimə zərbəsindən ötürməsini başla qapıya göndərib.
İkinci hissədə VAR müdaxiləsindən sonra “Qalatasaray”ın yarımmüdafiəçisi Lukas Torreyra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Üç dəqiqə sonra “Kasımpaşa” Raq-Sakinin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.
Say üstünlüyündən yararlanmağa çalışan qonaqların ümidlərini 90-cı dəqiqədə Barış Alper Yılmazın qolu puça çıxarıb. O, Yakobsun ötürməsindən sonra güclü zərbə ilə komandasını yenidən önə keçirib. 90+7-ci dəqiqədə isə Lemina fərqi artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib – 3:1.
Bu qələbədən sonra xallarını 16-ya çatdıran “Qalatasaray” bir oyun artıq keçirməklə turnir cədvəlinə başçılıq edir. Mövsümdə ilk məğlubiyyətini alan “Kasımpaşa” isə 10 xalla kifayətlənib.