Bakıda keçirilən cüdo üzrə dünya çempionatı başa çatmaq üzrədir. Mundialın son günündə qarışıq komanda yarışları keçirilir.
Azərbaycan millisi yarışa Avstriya üzərində 4:0 hesablı qələbə ilə başlayıb. Komandamıza qələbələri Mədinə Kaysinova, Xədicə Qadaşova, Rəşid Məmmədəliyev və Zelim Kotsoyev qazandırıblar.
Lakin yığmamız 1/8 final mərhələsində Yaponiya ilə qarşılaşmada 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bu görüşdə yalnız Zelim Kotsoyev qələbə qazanıb. Xədicə Qadaşova, Sudabə Ağayeva, Rəşid Məmmədəliyev və Zelim Tçkayev məğlub olublar.
Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışlarda 1 qızıl, 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 7 medal qazanıb. Yığmamız medal sıralamasında üçüncü yeri tutub.
Komandanın heyətində Rəşid Məmmədəliyev və Ruslan Paşayev (hər ikisi 73 kq), Zelim Çkayev və Süleyman Şükürov (90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq), Gültac Məmmədəliyeva və Hədicə Qadaşova (57 kq), Sudabə Ağayeva və Hanna Zaytseva (70 kq), Mədinə Kaysinova (+70 kq) yer alıblar.