İngiltərə Premyer Liqasında yeni mövsümdən etibarən diskriminasiya hallarına görə tətbiq edilən cəzalar sərtləşdiriləcək.
Britaniya mediasının, o cümlədən BBC-nin məlumatına görə, avqustun 21-də start götürəcək 2026/2027 mövsümündən etibarən diskriminasiyada təqsirli bilinən futbolçular minimum 10 oyunluq diskvalifikasiya ilə cəzalandırılacaqlar.
Yeni qaydalar etnik mənsubiyyət, dəri rəngi, irq, milliyyət, din, cins, gender, gender kimliyi, cinsi orientasiya və ya əlilliyə görə ayrı-seçkilik hallarını əhatə edir. Sərtləşdirilmiş sanksiyalar təkcə futbolçulara deyil, həmçinin məşqçilərə və texniki zonada olan digər komanda nümayəndələrinə də şamil olunacaq.
İngiltərə Futbol Assosiasiyası (FA) bildirib ki, son illər müəyyən irəliləyiş əldə olunsa da, diskriminasiya futbol üçün hələ də ciddi problem olaraq qalır. Qurumun fikrincə, bu cür halların qarşısını almaq üçün daha sərt intizam tədbirlərinə ehtiyac var.
Qeyd edək ki, əvvəlki qaydalara əsasən belə pozuntulara görə minimum cəza altı oyunluq diskvalifikasiya idi. Yeni reqlamentdə isə minimum cəza 10 oyun müəyyənləşdirilib. Bununla belə, intizam komitəsi yüngülləşdirici halları və ya təqsirləndirilən şəxsin günahını dərhal etiraf etməsini nəzərə alaraq bəzi hallarda altı oyunluq cəza tətbiq edə bilər.