UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Masazırda “Sabah”ın qonağı olacaq Danimarkanın “Orxus” (AGF) klubunda müdafiə xətti ilə bağlı ciddi problem yaranıb. Komandanın əsas dayaqlarından biri olan Frederik Tinqager zədə səbəbindən Bakıya gətirilməyib.
Buna baxmayaraq, Danimarka təmsilçisinin baş məşqçisi Yakob Poulsen oyunöncəsi mətbuat konfransında itkiyə rəğmən nikbin olduğunu bildirib: “Müdafiə xəttindəki zədələr baxımından bəxtimiz gətirmədi, bu səbəbdən məcburi dəyişikliklər etdik. Məşqçilərin əksəriyyəti müdafiədə sabit heyətə üstünlük verir. Lakin mən narahat deyiləm, çünki heyətimizdə yetərincə keyfiyyətli müdafiəçilər var və onların özlərini ən yaxşı tərəfdən göstərəcəklərinə inanıram”.
Gənc mütəxəssis ilk matçda olduğu kimi, cavab görüşündə də müdafiə xəttini norveçli Kolin Röslerə həvalə edəcəyini və ona tam güvəndiyini vurğulayıb: “Kolin ilk qarşılaşmada öz keyfiyyətini və xarakterini nümayiş etdirdi. O, ikili mübarizələrdə son dərəcə ustadır və bu cür ağır matçlarda bizə böyük fayda verir. Ona inamım tamdır”.
Xatırladaq ki, komandalar arasında Danimarkada keçirilən ilk görüşdə “Orxus” 2:1 hesabı ilə qələbə qazanıb. Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq cavab matçı avqustun 11-i saat 20:00-da başlayacaq.