DÇ-2026-nın bəzi qaydaları və hakim qərarları növbəti qalmaqala səbəb olub. FIFA turnirdə işləyən paraqvaylı məşhur idman şərhçisi Bruno Veranı akkreditasiyadan məhrum edib.
Hadisə Paraqvay və Türkiyə yığmaları arasında keçirilən və Cənubi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra baş verib.
Qalmaqala matçın salvadorlu baş hakimi İvan Bartonun qərarı səbəb olub. Referi, rəqiblə mübahisə zamanı ağzı əllə yaxud forma ilə gizlətməyi qadağan edən yeni qaydanı pozduğu üçün paraqvaylı ulduz Miqel Almironu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Bu qərardan sonra canlı yayımda emosiyalarını cilovlaya bilməyən “ABC Cardinal” və “ABC TV”nin şərhçisi Vera, FIFA-nı sərt tənqid edib: “Oğrular, oğrular! Futbolu məhv etdiniz. FIFA, futbolu bu günə qoyduğuna görə məsuliyyəti üzərinə götür. Bu, bir rəzalətdir!”
Şərhçinin efirdə işlətdiyi digər ağır ifadələr isə etik normalara sığmadığı üçün tirajlanmayıb.
Bu davranışa dərhal reaksiya verən ali futbol qurumu paraqvaylı jurnalisti turnirdən kənarlaşdırıb. Artıq o, matçları stadionlardan və rəsmi media zonalarından işıqlandıra bilməyəcək.
Hadisədən sonra rəsmi bəyanat yayan Bruno Vera səhvini etiraf edərək idman ictimaiyyətindən və sponsorlardan üzr istəyib. Jurnalist həmçinin FIFA-ya rəsmi məktub göndərərək məsuliyyəti tamamilə öz üzərinə götürdüyünü bildirib.