Braziliya Kubokunun 1/8 final mərhələsinin “Santos” – “Remo” cavab oyunundan (1:0) sonra meydanda və onun kənarında gərgin anlar yaşanıb.
Fasilədən sonra meydana çıxan Neymar matçın yeganə qolunda məhsuldar ötürmə ilə yadda qalıb və komandasının növbəti mərhələyə yüksəlməsində mühüm rol oynayıb. İlk görüş qolsuz bərabərliklə başa çatdığından, “Santos” bu qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.
Final fitindən sonra isə 34 yaşlı braziliyalı ulduz diqqət mərkəzinə düşüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Neymarın stadionun soyunub-geyinmə otaqlarına aparan dəhlizində “Remo” rəsmilərinə tərəf əl-qol hərəkətləri etdiyi, dəfələrlə “Eliminado!” (“Mərhələdən kənarlaşdırıldınız!”) deyə qışqırdığı və nalayiq ifadələr işlətdiyi görünür.
Bununla da kifayətlənməyən hücumçunun rəqib komandanın nümayəndələrinin qarşısında rəqs etməsi vəziyyəti daha da gərginləşdirib. “Remo” rəsmiləri əsəblərinə hakim ola bilməyərək təhlükəsizlik baryerlərini aşmağa cəhd edib və Neymara tərəf irəliləyiblər.
Yerli mətbuatın məlumatına görə, Neymarın bu davranışı oyun ərzində və matçdan sonra ona qarşı edilən təxribatlara cavab olub. Buna baxmayaraq, insident sosial şəbəkələrdə və idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Münaqişə yalnız mühafizə əməkdaşları və hər iki komandanın üzvlərinin müdaxiləsindən sonra nəzarət altına alınıb.