Avropa Liqasına hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət ölkəmizin millisi Macarıstandakı təlim-məşq toplanışını uğurla yekunlaşdırıb. Mayın 12-dən 16-dək davam edən hazırlıq prosesi çərçivəsində yığmamız Macarıstan millisi ilə birgə məşqlər keçib. Toplanış çərçivəsində təşkil olunan hər iki yoxlama görüşü voleybolçularımızın parlaq qələbəsi ilə başa çatıb (3:0, 3:1).
Təlim-məşq toplanışının növbəti mərhələsi üçün millimiz bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində məskunlaşacaq komandamızın proqramına fiziki və taktik hazırlıqlarla yanaşı, növbəti yoxlama oyunlarının keçirilməsi də daxildir.
Xatırladaq ki, Azərbaycan millisi Avropa Liqasında mübarizəyə doğma meydanda start verəcək. İyunun 5-7-də Bakıda təşkil olunacaq qarşılaşmalarda yığmamız İsveç və Estoniya komandalarını qəbul edəcək.