Avropa çempionatı: Bakıda qadın voleybolçular arasında keçirilən Avropa çempionatının C qrupunun oyunları davam edir. Milli Gimnastika Arenasında təşkil olunan yarışın üçüncü turunda yığmamız Rumıniya seçməsi ilə üz-üzə gəlib.
Beş set davam edən gərgin və maraqlı idman mübarizəsində voleybolçularımız rəqibini 3:2 hesabı ilə məğlub edərək qrupda ardıcıl üçüncü qələbəsinə imza atıblar: Azərbaycan – Rumıniya – 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8)
Xatırladaq ki, millimiz qrupdakı əvvəlki oyunlarında Portuqaliyanı 3:1, İspaniyanı isə 3:0 hesabı ilə üstələmişdi. Yığmamızı qarşıda daha iki vacib sınaq gözləyir: komandamız avqustun 26-da Belçika, 28-də isə Niderland voleybolçuları ilə qarşılaşacaq.
Günün digər qarşılaşmasında Niderland yığması Portuqaliyanı quru hesabla (3:0) məğlub edib. Üç oyundan sonra Azərbaycan millisi C qrupunda vahid liderdir.
C qrupunda xal durumu: Azərbaycan – 8 xal, Belçika – 5 xal, Niderland – 5 xal, Rumıniya – 2 xal, İspaniya – 1 xal, Portuqaliya – 0 xal.