Futbol dünyasını sarsıdan iddia yalan çıxdı. İtaliya mətbuatında “Milan”ın və dünya futbolunun əfsanəvi kapitanı Franko Barezinin vəfat etməsi barədə şayiələr yayılıb. Lakin klub rəsmi bəyanat yayaraq 66 yaşlı veteran futbolçunun sağ olduğunu bildirib.
“Tuttosport” nəşrinin xəbəri ilə başlayan şayiə dalğası tezliklə ölkə səviyyəsində qalmaqala səbəb olub. Hətta İtaliyanın Baş nazirinin müavini Matteo Salvini sosial şəbəkə hesabında vida mesajı paylaşıb. Lakin xəbərin yalan olduğu bəlli olan kimi Salvini paylaşımını dərhal silib.
Bütün karyerasını “rossoneri”yə həsr etmiş Barezinin klubu rəsmi “X” hesabından sərt təkzib bəyanatı yayımlayıb: “Milan” klubu son dəqiqələrdə Franko Barezi haqqında yayılan yalan məlumatları qətiyyətlə təkzib edir. Franko hazırda çətin və mürəkkəb bir dövr keçirir; klubumuz onun və ailəsinin yanındadır. Hamıdan onların şəxsi həyatına hörmətlə yanaşmağı və tamamilə əsassız olan bu məlumatları yaymamağı xahiş edirik.
66 yaşlı Franko Barezi dünya futbolunun ən böyük müdafiəçilərindən biri hesab olunur. “Milan”ın heyətində 6 dəfə A Seriyasının qalibi olan Barezi, İtaliya millisinin forması ilə 81 oyun keçirib və DÇ-82-nin qalibi olub.