“İnter Mayami”nin hücumçusu Lionel Messi və onun komanda yoldaşı İen Frey “Filadelfiya Yunion”la MLS matçında yaşanmış qalmaqallı insidentə görə intizam cəzasına məruz qalıblar. Hər iki futbolçu meydandakı aqressiv davranışlarına görə cərimələnib.
İnsident çərşənbə günü Pensilvaniya ştatının Çester şəhərində baş tutan və 2:2 hesabı ilə yekunlaşan görüşün 101-ci dəqiqəsində yaşanıb. Qeyd edək ki, bu matçda Messi atası Xorxe Messinin vəfatından sonra ilk qolunu vurmuş və eyni zamanda məhsuldar ötürmə ilə yadda qalmışdı.
Argentinalı ulduz oyunun sonlarında rəqib futbolçu Kuinn Sallivanla yaranmış münaqişə zamanı onun başının arxa hissəsinə zərbə endirdiyi üçün cəzalandırılıb. MLS rəhbərliyi bu hərəkəti rəqibin üzünə, başına və ya boynuna qəsdən edilən fiziki təmas kimi qiymətləndirib, bu da liqanın qaydalarına əsasən qəti qadağandır.
Münaqişədə İen Frey də yaxından iştirak edib. Sallivan topla cərimə meydançasına daxil olarkən yerə yıxılıb. Bu zaman Frey ona yaxınlaşaraq boğazından yapışıb. Ayağa qalxan Sallivan isə öz növbəsində Freyi itələyərək yerə çırpıb.
Gərginliyin ardınca MLS İntizam Komitəsi hər iki “İnter Mayami” oyunçusuna qarşı sanksiya tətbiq etsə də, kəsilən cərimələrin məbləği ictimaiyyətə açıqlanmayıb.