Lionel Messinin Argentina millisində karyerasını başa vurması bütün dünyada böyük əks-səda doğurmaqla yanaşı, “albiseleste” üçün də qızıl dövrün sonu oldu. Bununla əlaqədar olaraq, Argentina Futbol Assosiasiyası (AFA) əfsanəvi futbolçunun yığmadakı zəngin karyerasına həsr olunmuş təsirli vida mərasimi hazırlayır.
Qurumun rəsmi bülletenində yayımlanan məlumata görə, xüsusi tədbir gələn həftəsonu ölkə daxilində keçiriləcək bütün kateqoriyalardan olan futbol matçlarını əhatə edəcək.
“TyC Sports” nəşrinin məlumatına əsasən, təşəbbüs çərçivəsində kişi və qadın liqaları (böyük futbol, futzal və çimərlik futbolu) daxil olmaqla, bütün rəsmi qarşılaşmalarda oyunun 10-cu dəqiqəsində fasilə yaranacaq. Rosario doğumlu ulduzun Argentina millisindəki misilsiz xidmətlərinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sürəkli alqış elan ediləcək.
Argentina futbolunun ali qurumunun İdarə Heyətinin qərarında həmçinin bildirilir: “Bununla yanaşı, böyük monitorlarla təchiz olunmuş stadionlarda matçdan öncə Assosiasiyanın hazırladığı rəsmi videoçarx nümayiş etdirilməlidir”.
Meydandakı futbolçularla yanaşı, tribunalardakı azarkeşlərin də bu tarixi anı alqışlar, şüarlar, bayraqlar və hazırda “İnter Mayami”də çıxış edən ulduz hücumçuya həsr olunmuş xüsusi mahnılarla dəstəkləyəcəyi gözlənilir.