Meksika Liqa MX çərçivəsində keçirilən “Krus Asul” – “Atlante” matçından sonra stadion ərazisində gözlənilməz və təhlükəli insident yaşanıb.
“Atsteka” stadionunda baş tutan və qalmaqalsız ötüşən qarşılaşmanın ardından polislər matçın hakim briqadasına hücum ediblər. Jurnalist Alexandra Benitesin sosial şəbəkələrdə paylaşdığı görüntülərdə çoxlu sayda polis əməkdaşının stadionun kənarında hakimlərin olduğu avtomobilin ətrafını sarıdığı və onlarla sərt mübahisə etdiyi görünür.
“Récord” nəşrinin məlumatına görə, təzyiqə məruz qalan hakim köməkçilərindən biri dərhal təcili xidmətə zəng edərək kömək istəyib. Zəngin audioyazısında hakimin dedikləri insidentin nə dərəcədə ciddi olduğunu ortaya qoyub: “O, xidməti silahı ilə məni vuracağını bildirdi. Bizim “Uber” sürücüsünü boğmağa başladı, maşını təpiklədi və tapançasını çıxardı!”
Yaranan xaotik vəziyyətdə qarşıdurmanı yatırtmağa çalışan matçın baş hakimi Abraham de Xesus Kirarte polislərə “Biz matçın hakimləriyik!” deyərək qışqırmaqla vəziyyəti sakitləşdirməyə çalışıb.