Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə Polşanın “Rakuv” komandasına 1 illik icarəyə verilən millimizin hücumçusu Mahir Emrelinin yeni komandasındakı bəzi detalları aydınlaşıb. 29 yaşlı forvarda nömrə seçimi üçün bir neçə variant təklif olunsa da, o, 30 nömrəli formaya üstünlük verib.
Bununla belə, azarkeşlər Mahirin qitə turnirlərindəki debütünü hələ bir müddət gözləməli olacaqlar. Çenstoxova təmsilçisi ilə müqavilənin rəsmiləşdirilməsi ləngidiyi üçün hücumçunun adı UEFA-ya təqdim olunan iştirak ərizəsinə daxil edilməyib. Nəticədə, Emreli “Rakuv”un Konfrans Liqasının II təsnifat mərhələsində Malta təmsilçisi “Valletta” ilə keçirəcəyi oyunları buraxmaq məcburiyyətində qalıb. Komanda növbəti mərhələyə vəsiqə qazanacağı təqdirdə isə futbolçumuzun iştirakı üçün heç bir hüquqi maneə qalmayacaq.
Yeri gəlmişkən, “Rakuv”un Konfrans Liqasındakı yolu Azərbaycan klubu ilə kəsişə bilər. Əgər Polşa klubu “Valletta” səddini keçərsə, III təsnifat mərhələsində təmsilçimiz “Zirə”nin potensial rəqiblərindən biri olacaq. (“Zirə” isə öz növbəsində II mərhələdə Estoniyanın “Payde” komandası ilə mübarizə aparacaq).