Timoteuş Puxaç daha əvvəl də sürpriz qələbələri ilə rəqiblərin planlarını alt-üst etməyi bacarıb. İndi isə polşalı müdafiəçi “Mançester Yunayted”i növbəti qurbanına çevirmək əzmindədir.
27 yaşlı sol cinah müdafiəçisinin bu axşam Çempionlar Liqası çərçivəsində “Mançester Yunayted”ə qarşı keçiriləcək matçda “Sabah”ın heyətində meydana çıxacağı gözlənilir. Puxaç “qırmızı şeytanlar”ın turnirdəki ümidlərini puç edə biləcək futbolçulardan biri kimi diqqət çəkir.
Qrup mərhələsinin püşkatmasından əvvəl polşalı futbolçu “Old Trafford” səfərini arzuladığı qarşılaşmalardan biri kimi göstərmişdi: “Çempionlar Liqasında qələbə siyahımda xüsusilə “Kamp Nou”, “Santyaqo Bernabeu” və “Old Trafford” stadionlarını görmək istərdim. Həmçinin Kuba Moderlə (Polşa millisinin futbolçusu – red.) birlikdə “Feyenoord”a qarşı oynamaq arzusundayam. Əgər bir komanda seçməli olsaydım, bu, “Barselona” və “Kamp Nou” olardı”.
Xatırladaq ki, Puxaç 2025-ci ildə İngiltərə Futbol Liqasında çıxış edən “Plimut” klubunda icarə əsasında 18 oyun keçirib. “Arqayl”da çıxış etdiyi dövrdə komandası sensasiyaya imza ataraq “Mançester Yunayted”in əzəli rəqibi “Liverpul”u İngiltərə Kubokundan mübarizədən kənarlaşdırıb.
Həmin unudulmaz matçda 90 dəqiqə meydanda olan Puxaç Rayan Hardinin ikinci hissədə vurduğu penalti qolu ilə Mersisayd nəhəngini mığlub edən komandanın əsas fiqurlarından biri olub. Polşalı futbolçu “Houm Park”da keçirilən qarşılaşmada Luis Dias, Dioqo Jota və Federiko Kyeza kimi ulduzların təzyiqinə sinə gərməyi bacarıb.
İngiltərə futbolundan ayrıldıqdan sonra da müdafiəçiin Premyer Liqanın tanınmış simaları ilə yollarını kəsişib. Markabellada 10 kilometrlik qaçışını başa vuran Puxaç təsadüfən “Mançester Yunayted”in əfsanəsi Qari Nevillə qarşılaşıb. Bundan cəmi 24 saat sonra isə o, “Real”ın sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldla gözlənilməz şəkildə selfi çəkdirib.
“Plimut”dakı icarə müddətindən sonra əsas klubu “Holştayn Kil”ə qayıdan Puxaç ötən mövsüm yenidən “Sabah”a icarəyə verilib. “Qızıl dubl” qazanan polşalı futbolçu cari ilin mayında “bayquşlar”la tamhüquqlu müqavilə imzalayıb. İndi isə Puxaç üçün qarşıda daha bir xüsusi oyun var: vaxtilə təsadüfən rastlaşdığı Qari Nevill və çalışdığı “Mançester Yunayted” futbol məktəbinin xatirələrindən daha böyük səhnə – “Old Trafford”da Çempionlar Liqası matçı.

