İtaliya A Seriyası təmsilçisi “Leççe”də əsl “Banda müəmması” yaşanır. Zambiyalı vinger Lamek Banda artıq iki həftədir ki, ortalıqdan qeyb olub. Nə klub rəhbərliyi, nə komanda yoldaşları, nə də futbolçuya yaxın şəxslər onun harada olduğunu bilir.
Ötən mövsüm “Leççe”nin A Seriyasında qalmasında mühüm rol oynayan 23 yaşlı futbolçunun sözləşməsi bu yay başa çatırdı. Lakin klub müqavilədəki xüsusi bəndi işə salaraq müddəti birtərəfli qaydada 2027-ci ilin iyununa qədər uzatdı.
Futbolçu ilə birbaşa əlaqə qurmaq mümkün olmasa da, o, agentləri vasitəsilə bürokratik və pasport problemləri yaşadığını, məsələni həll edən kimi komandaya qoşulacağını bildirmişdi. Lakin Banda “Leççe”nin Avstriyadakı təlim-məşq toplanışına qatılmadı və klubla bütün əlaqələri kəsdi.
“La Gazzetta dello Sport”un məlumatına görə, futbolçu haqqında son iz iyulun 23-nə təsadüf edir — o, Zambiyanın Lusaka şəhərindəki hava limanında həyat yoldaşı ilə fotosunu paylaşıb. O vaxtdan bəri onun harada olduğu bilinmir.
Klub prezidenti Saverio Stikki Damiani futbolçunun intizamsızlığına kəskin reaksiya verib. Avqustun 17-də İtaliya Kubokunda “Palermo”ya qarşı mövsümün ilk rəsmi matçına çıxacaq “Leççe” bu sirli itkinin hüquqi və idman tərəflərini həll etməyə çalışır.