2026-cı il “Qızıl top” uğrunda mübarizə hər zamankından daha gərgin keçəcəyini vəd edir. Mükafatın əsas favoritləri sayılan “Barselona”nın ulduzu Lamin Yamal və “Real”ın hücumçusu Kilian Mbappə arasında psixoloji duel artıq indidən başlayıb.
İspaniyanın “Movistar” kanalında yayımlanan “Universo Valdano” proqramına müsahibə verən Yamal “Qızıl top”a kimin daha çox layiq olduğu ilə bağlı diqqətçəkən bəyanatlarla çıxış edib.
Kataloniya təmsilçisinin 19 yaşlı ulduzu dünyada iki ən güclü futbolçudan birinin özü olduğunu bildirib: “Qızıl top”u kimsəyə verməli olsaydım? Səmimi desəm, hazırda dünyada iki ən yaxşı futbolçunun olduğunu düşünürəm. Lakin bu il həmin mükafata məhz mən layiqəm. Məncə, Kilian Mbappə və mən dünyanın ən yaxşılarıyıq və matçları izləyən hər kəs bunu yaxşı bilir”.
Bir neçə gün əvvəl oxşar suala fransalı təcrübəli hücumçu da cavab vermişdi. Mbappə fərdi keyfiyyətlərin ön planda olduğunu vurğulamışdı: “Hər zaman hesab etmişəm ki, “Qızıl top” fərq yaradan futbolçuya verilməlidir. Əlbəttə, komanda uğurları vacibdir, çünki futbol kollektiv oyundur. Amma bu, həm də fərdi mükafatdır. Düşünürəm ki, bu mövsüm tam fərqli səviyyə nümayiş etdirdim. Buna görə də “Qızıl top”u qazanmağa əsas namizəd olduğuma inanıram”.
Cari mövsümdə Yamal “Barselona” ilə La Liqa çempionluğu və İspaniya millisi ilə beynəlxalq arenadakı parlaq performansı ilə diqqət mərkəzindədir. Mbappə isə öz növbəsində “Real”ıın heyətində və milli komandada fenomenal məhsuldarlıq nümayiş etdirərək mövsümün ən böyük bombardirlərindən biri olub.
Bu iki superulduzun mövsümboyu sərgilədiyi oyun “Qızıl top” səsverməsində həlledici rol oynayacaq.