Bu gün “LANDAU Layons” basketbol klubu Avrokuboklarda yeni mövsümə start verir.
Bakı təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Latviyanın VEF klubu ilə qarşılaşacaq. Bolqarıstanın Samokov şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.
“LANDAU Layons” ilk sınağını uğurla keçəcəyi halda növbəti mərhələdə “Opava” (Çexiya) – “Dziki” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlubiyyət isə Bakı klubunu Avropa Kubokuna yönləndirəcək.
“LANDAU Layons” Avropa Kubokunda G qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Danimarkanın “Bakken Birs”, Portuqaliyanın “Benfika”, Türkiyənin “Denizli Basket” klubları və İsveçrənin “Lions de Genève” komandası olacaq. Qrupun digər iştirakçısı isə “Priyevidza” (Slovakiya) – “Samobor” (Xorvatiya) cütünün qalibi müəyyənləşdikdən sonra bəlli olacaq.
Digər təmsilçisi “Sabah” isə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq. Paytaxt klubu B qrupunda Litvanın “Ritas”, Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” komandaları ilə qarşılaşacaq.