Azərbaycan Premyer Liqasının III turu çərçivəsində Gəncədə keçirilən “Kəpəz” – “Turan Tovuz” qarşılaşması (1:0) təkcə meydandakı mübarizə ilə deyil, həm də tribunadakı anşlaqla yadda qalıb.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, yeni Gəncə Şəhər Stadionunda keçirilən qarşılaşmanı 13 500 azarkeş canlı izləyib. Bu nəticə cari mövsümün rekordu olmaqla yanaşı, son 10 ildə ölkə çempionatlarında qeydə alınan ikinci ən yüksək göstəricidir. Bundan daha çox tamaşaçı yalnız ötən mövsüm Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçında (17 338 azarkeş) qeydə alınıb.
Qeyd edək ki, Gəncə arenasında bundan da kütləvi davamiyyət 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt keçirilən “Kəpəz” – “Qarabağ” görüşünü 14 238 futbolsevər tribunalardan izləmişdi.