Alman mütəxəssis Tomas Tuxelin Koul Palmer və Fil Foden kimi ulduzları heyətdən kənarda qoymasından sonra yaranmış gərgin ab-havaya baxmayaraq, İngiltərə millisi turnirə qələbə ilə başladı. “Üç şir” ABŞ-də keçirilən matçda Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edərək həm komanda oyununa güvənin özünü doğrultduğunu sübut etdi, həm də azarkeşlərini sevindirdi.
Oyun ingilislərin fəal hücumları ilə başladı. 12-ci dəqiqədə Luka Modriçin cərimə meydançasında Noni Maduekeyə qarşı qaydanı pozması penalti ilə nəticələndi. Harri Keynin ilk zərbəsini qapıçı Dominik Livakoviç qaytarsa da, VAR qapıçının xətti vaxtından əvvəl tərk etdiyini müəyyənləşdirdi. Təkrar zərbədə Keyn dəqiq oldu və Dünya Kuboklarında 5-ci penalti qolunu vuraraq turnir tarixinin rekorduna imza atdı.
36-cı dəqiqədə Martin Baturina cərimə meydançasının xaricindən vurduğu baxımlı qolla hesabı bərabərləşdirdi. Lakin 42-ci dəqiqədə Deklan Raysın künc zərbəsindən etdiyi asmanı Keyn başla tora göndərdi. Bu qolla Keyn əfsanəvi Qari Linekerin dünya çempionatlarındakı 10 qolluq rekorduna ortaq oldu.
Fasiləyə saniyələr qalmış İvan Perişiçin başla ötürməsindən sonra Petar Musa hesaba yenidən tarazlıq gətirdi. Fasilədən dərhal sonra, Elliot Andersondan ötürmə alan Cud Bellingem cərimə meydançasına daxil olaraq komandasını yenidən önə keçirdi. Standart vəziyyətlərdə, xüsusən də künc zərbələrində rəqibə çətin anlar yaşadan İngiltərə, müdafiədə inamlı təsir bağışladı. Yekun nöqtəni isə 85-ci dəqiqədə sonradan meydana çıxan Markus Reşford qoydu.
Dünya Kuboku. I qrupu, 1-ci tur
İngiltərə – Xorvatiya 4:2
Qollar: Keyn, 12 (penalti), 42, Bellingem, 47, Reşford, 85 – Baturina, 36, Musa, 45+5
Baş hakim: Kleman Türpen (Fransa)
Stadion: «AT&T Stadium» (Arlinqton, ABŞ)
İngiltərə: Pikford, Ceyms, Konsa, Stounz (Qehi, 87), O’Rayli, Anderson, Rays (Rodcers, 73), Madueke (Saka, 73), Bellingem (Spens, 80), Qordon (Reşford, 73), Keyn
Xorvatiya: Livakoviç, Şutalo, Vuşkoviç (Marko Paşaliç, 66), Qvardiol, Stanişiç, Modriç (Kovaçiç, 58), Suçiç, Perişiç, Mario Paşaliç (Vlaşiç, 79), Baturina (Kramariç, 79), Musa (Matanoviç, 66)