Futbol dünyasının əfsanəvi simalarından biri, ikiqat “Qızıl top” sahibi Kevin Kiqan ağır xəstəliklə mübarizə aparır. 75 yaşlı mütəxəssis dördüncü mərhələ xərçəngdən əziyyət çəkir və xəstəlik artıq orqanizminin digər hissələrinə də yayılmaqdadır.
Keçən il müalicəsində müsbət dinamika müşahidə olunsa da, hazırda vəziyyətin kritikləşdiyi bildirilir. “Daily Mail” nəşrinə açıqlama verən Kiqan, emosional anlar yaşayaraq “Nyukasl” azarkeşləri ilə vidalaşmaq arzusunda olduğunu bildirib: “Mənim üçün ser Bobbi Robson və Alan Şirer kimi “Sent-Ceyms Park” stadionunun qarşısında heykəl ucaldılmasını istərdimmi? Xeyr, bunun üçün mənim ölümümü gözləməlisiniz. Mənim üçün ən böyük abidə insanların mənə olan münasibəti və xatirələridir. Lakin “Nyukasl” azarkeşləri ilə vidalaşmaq istəyirəm, çünki klubu sonuncu dəfə tərk edəndə buna fürsətim olmamışdı. Sizdən bir xahişim var: mən həyatdan köçənə qədər heykəlimin ucaldılmasına icazə verməyin”.
Futbolçu kimi “Liverpul”un əfsanəsinə çevrilən Kiqan, Mersisayd klubunda keçirdiyi 6 il ərzində unudulmaz izlər qoyub. O, “qırmızılar”ın heyətində Çempionlar Kuboku (indiki Çempionlar Liqası), üç dəfə İngiltərə çempionluğu, iki dəfə UEFA Kuboku və İngiltərə Kubokunu qazanıb. “Hamburq”, “Sautqempton”, “Nyukasl” və “Skantorp”un şərəfini qorumuş əfsanə, 1978 və 1979-cu illərdə “Qızıl top” mükafatına layiq görülüb.
Məşqçilik karyerasında “Mançester Siti”, “Fulhem” və İngiltərə millisinə rəhbərlik edib. Lakin Kiqanın adının ən çox hallandığı və azarkeşlərin qəlbində xüsusi yer tutduğu klub məhz “Nyukasl” olaraq qalır.