“Qəbələ”nin “Şafa” ilə yoxlama oyunundakı 1:1 hesablı heç-heçəsindən sonra baş məşqçi Kaxaber Tsxadadze komandanın hazırlıq prosesi, yeni transferlər və gənclərin performansı barədə fikirlərini bölüşüb.
“Qəbələ”nin sükanı arxasında olan gürcü mütəxəssis yeni oyunçuların adaptasiya prosesinə toxunaraq bildirib: “Heyətə cəlb olunan yeni futbolçuların adaptasiyası üçün zamana ehtiyacımız var. Yeni transferlərimizdən Meşak Uboçioma ilk oyununa çıxdı. Onun potensialı yüksəkdir və keyfiyyətli oyunçudur, inanıram ki, komandaya çox fayda verəcək. Hazırda komanda quruculuğu mərhələsindəyik və yeni transferləri gözləyirik. Əsas hədəfimiz heyəti tamamlamaq və yeni gələnləri oyun üslubumuza uyğunlaşdırmaqdır. Bütün futbolçuların məşqlərdəki böyük əzmi isə məni sevindirir”.
İkinci hissədə gənclərə şans verməsinə də münasibət bildirən Tsxadadze onların hazırlıq səviyyəsini dəyərləndirib: “İkinci hissədə 9 əvəzetmə etməklə gənclərin özlərini göstərməsi üçün fürsət yaratdıq. Onlardan bəziləri yaxşı təsir bağışlasa da, digərləri təəssüf ki, hələ Premyer Liqa səviyyəsinə hazır deyillər. Lakin onların işə ciddi yanaşması və çalışqanlığı gələcək üçün ümid verir”.