“Real”ının sabiq baş məşqçisi Karlo Ançelotti Braziliya millisi ilə müqaviləsinin müddətini uzadıb. İtaliyalı mütəxəssis 2030-cu ilə qədər “selesao”nun sükanı arxasında qalacaq.
Təcrübəli mütəxəssis beşqat dünya çempionlarının rəhbərliyini 26 may 2025-ci ildə, “Kral klubu”ndakı fəaliyyətini yekunlaşdırdıqdan dərhal sonra üzərinə götürüb. İlkin olaraq bir illik nəzərdə tutulan anlaşma, tərəflərin razılığı ilə daha 4 il müddətinə uzadılıb. Braziliya Futbol Federasiyasının (CBF) rəsmi bəyanatına əsasən, Ançelotti komandanı 2030-cu ildə İspaniya, Mərakeş və Portuqaliyanın birgə ev sahibliyi edəcəyi mundiala hazırlayacaq. 66 yaşlı Ançelotti dünya futbol tarixinin ən uğurlu məşqçilərindən biri hesab olunur.
Onun karyerası əsl uğur muzeyini xatırladır. İtaliyalı mütəxəssis “Real”a 3 Çempionlar Liqası, 2 La Liqa, həmçinin Kral Kuboku, İspaniya Superkuboku və 3 UEFA Superkuboku qazandırıb. “Milan” əfsanəsi kimi isə o, Avropanın bir nömrəli klub turnirini 4 dəfə (2 dəfə oyunçu, 2 dəfə məşqçi statusunda) başı üzərinə qaldıraraq adını tarixə qızıl hərflərlə yazdırıb.