Premyer Liqanın I turu çərçivəsində keçirilməli olan “Kəpəz” – “Sabah” qarşılaşması Gəncədə baş tutmayacaq. Paytaxt təmsilçisi avrokuboklardakı vacib oyunu öncəsi rəqibi ilə razılıq əldə edərək matçın məkanını dəyişib.
Gəncə şəhər stadionu artıq istifadəyə tam hazır olsa da, “Sabah” rəhbərliyi baş məşqçi Valdas Dambrauskasın komandasının avrokubok oyununa daha yaxşı hazırlaşmasını təmin etmək üçün “Kəpəz”ə müraciət edib. Əldə olunan razılığa əsasən, avqustun 14-də keçiriləcək I tur oyunu Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Bunun müqabilində, çempionatın ikinci dövrəsindəki cavab qarşılaşması Gəncədə oynanılacaq.
Diqqətçəkən məqam odur ki, “Sabah”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Orhus” (AGF) daha radikal addım atıb. Danimarka təmsilçisi yerli Superliqanın III turundakı matçının məkanını dəyişməklə kifayətlənməyib, oyunun ümumiyyətlə təxirə salınmasına nail olub.