Tanınmış portuqaliyalı mütəxəssis Joze Mourinyo futbol dünyasının ən nüfuzlu fərdi mükafatı olan “Qızıl top”un (Ballon d’Or) təqdimetmə meyarları ilə bağlı diqqətəlayiq bəyanatla çıxış edib. Təcrübəli çalışdırıcı mükafatın yalnız komanda uğurlarına və titullara görə deyil, bilavasitə fərdi keyfiyyətlərinə görə dünyanın ən yaxşı futbolçusuna verilməsinin tərəfdarı olduğunu bildirib.
Mourinyo futbol tarixində silinməz iz qoyan müstəsna oyunçuların karyeralarını bitirdikdən sonra xüsusi şəkildə qiymətləndirilməsini təklif edib: “Bəzi futbolçulara ‘Qızıl top’u yalnız karyeralarını başa vurduqdan sonra təqdim etmək lazımdır, çünki biz onların yoxluğunu həmişə hiss edəcəyik”.
Portuqaliyalı mütəxəssis bu siyahıda Dieqo Maradona, Krishtianu Ronaldo, Lionel Messi, Ronaldo Nazario və Zinedin Zidan kimi əfsanələrin adlarını xüsusi vurğulayıb.
Məşhur məşqçi iri turnirlərdəki qələbələrin “Qızıl top” səsverməsində həlledici amilə çevrilməsini kəskin tənqid edib. O, fərdi ustalığın hər zaman ön planda tutulmalı olduğunu bildirib: “Kiməsə sırf Çempionlar Liqasını və ya Dünya Çempionatını qazandığı üçün ‘Qızıl top’ vermək olmaz. Əgər mükafatı yalnız Çempionlar Liqası zəfərinə görə verməliyiksə, onda gəlin onu Luis Enrikeyə verək”.
Mourinyo əlavə edib ki, mükafat hansısa konkret ölkənin və ya klubun nümayəndəsinə deyil, birbaşa müstəsna istedada çatmalıdır: “Xeyr, bu mükafat dünyanın ən yaxşı oyunçusuna çatmalıdır — mütləq şəkildə ispan və ya PSJ nümayəndəsi olmasına ehtiyac yoxdur. Söhbət planetin ən güclü 3-4 futbolçusundan birindən gedir”. Fikirlərini yekunlaşdıran Mourinyo namizədlərin seçilməsində kənar təsirlərin rol oynadığını vurğulayaraq narazılığını gizlətməyib: “‘Qızıl top’ məsələsinə artıq siyasət də qarışıb. Mən isə siyasətlə məşğul olmağı heç sevmirəm”.