Premyer Liqanın XXVIII turu çərçivəsində səfərdə “Kəpəz”ə minimal hesabla (1:0) qalib gələn “İmişli”nin baş məşqçisi Jorje Kaşkilya qarşılaşmadan sonra mətbuat konfransında çıxış edib.
Mütəxəssis komandasının oyununu analiz edərək bu mühüm qələbəni futbolçulardan birinə həsr etdiklərini bildirib:“Rəqibi yaxşı analiz etmişdik və bütün komanda bu matça tam hazır idi. Meydana yalnız üç xal üçün çıxmışdıq və istəyimizə nail olduq. Bu qələbəni Mozesə həsr edirik. Üç gün əvvəl atasını itirməsinə baxmayaraq, o, bu gün meydanda əzmkar oyun nümayiş etdirdi və qələbəmizdə böyük pay sahibi oldu”.
Baş məşqçi həmçinin taktiki gedişlər və azarkeş dəstəyinə də toxunub: “Məşqlərdə standart vəziyyətlər üzərində çox çalışırıq. Vurduğumuz qol da məhz bu zəhmətin bəhrəsidir. İlk hissədə hesabı artırmaq üçün şanslarımız oldu. İkinci hissədə rəqib daha fəal görünsə də, müdafiədə inamlı oynayaraq üstünlüyümüzü qoruya bildik. Hesab oyuna görədir. Bizi səfərdə tək qoymayan və sona qədər dəstəkləyən azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm”.