Kiyev «Dinamo»sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın Lüblin şəhərində Azərbaycan təmsilçisi «Qarabağ»a qarşı keçirəcəkləri matçdan öncə komandasının vəziyyətini dəyərləndirib.
Ukraynada baş verən son hadisələrin komandanın psixoloji durumuna təsirsiz ötüşmədiyini vurğulayan mütəxəssis, dinc insanların hədəfə alınmasının və doğmalarından uzaqda qalmağın futbolçular üçün çətin sınaq olduğunu bildirib.
Kiyev təmsilçisinin baş məşqçisi «Qarabağ»ı olduqca ciddi və Avropa səhnəsində təcrübəli rəqib adlandırıb. Ötən mövsüm Azərbaycan çempionunun Çempionlar Liqasında çıxış etdiyini xatırladan Kostyuk, buna baxmayaraq matça iddialı çıxacaqlarını və yalnız öz güclərinə güvəndiklərini qeyd edib. O, əvvəlki mərhələdə PAOK-a qarşı buraxılan səhvlərdən dərs çıxarmağın vacibliyinə toxunub. Mütəxəssisin sözlərinə görə, məğlubiyyətin əsas səbəbi rəqibin fərdi ustalığı yox, məhz komandasının öz xətaları olub. Kostyuk hesab edir ki, əsas hədəf iradlara doğru reaksiya vermək və matçdan-matça inkişaf etməkdir.
Bəzi mütəxəssislərin «Dinamo»nun əsas diqqəti daxili çempionata yönəltməsi barədə fikirləri ilə razılaşmayan baş məşqçi, hər iki cəbhədə rəqabətə davamlı olacaqlarını vurğulayıb. Komandada geniş heyətin və sağlam rəqabətin formalaşdığını deyən Kostyuk, avrokubok matçlarının həm gənc, həm də təcrübəli futbolçuların inkişafı üçün əvəzedilməz olduğunu bildirib.
Kadr itkilərinə də toxunan ukraynalı çalışdırıcı Aleksandr Tımçikin artıq kollektivə qoşulduğunu diqqətə çatdırıb. Lakin Konstantin Vivçarenko, Kirill Osipenko, Vladislav Zaxarçenko, Denis Popov və Nikolay Mixaylenko zədə və bərpa prosesi səbəbindən hələlik komandaya kömək edə bilməyəcəklər.