İordaniya Futbol Assosiasiyasının prezidenti Əli bin Əl-Hüseyn FİFA və onun rəhbəri Canni İnfantinonu kəskin tənqid edərək ali futbol qurumunu şantajda ittiham edib.
Kiçik büdcəyə sahib olduqlarını və böyük maneələri dəf etməyə məcbur qaldıqlarını bildirən assosiasiya rəhbəri FİFA-nın fəaliyyətsizliyindən narazılığını belə ifadə edib: “Əvvəla, azarkeşlərimizin ABŞ-yə səfəri zamanı ciddi bilet bahaçılığı və viza problemləri yaşandı. İkincisi, FİFA vasitəsilə ABŞ hökuməti bizdən turnirdə iştiraka görə böyük vergi tələb edir. Kanadada və ya Meksikada məskunlaşan komandalar bu vergilərdən azad olsalar da, biz ağır maliyyə yükü ilə üz-üzə qalmışıq. Bu vəsait oyunçu və heyətimizə çatmalı idi. Üstəlik, Qətərdə keçirilən Ərəb Kubokunda finala yüksəldiyimiz üçün çatacaq mükafat pulunu dekabr ayından beri ala bilmirik. FİFA milyardlarla ehtiyat kapitalı ilə öyündüyü halda, bizim haqqımızı ödəmir”.
Əli bin Əl-Hüseyn FİFA rəhbərliyinin bu problemlərə yalnız bir şərtlə göz yumacağını bildirdiyini iddia edib: “Aylardır heç bir məsələdə bizə kömək etməyən FİFA, Dünya Çempionatı zamanı şifahi şəkildə bildirdi ki, əgər İnfantinonu dəstəkləsəm, federasiyamızın problemləri operativ həll olunacaq.”
Qeyd edək ki, İordaniya milli komandası Dünya Çempionatının qrup mərhələsində Avstriya, Əlcəzair və Argentina yığmalarına məğlub olaraq qrupu sonuncu pillədə başa vurub.