DÇ-2026-nın yarımfinalında Argentinaya 1:2 hesablı məğlubiyyətdən sonra tənqid hədəfinə çevrilən ingilislərin məşqçisi Tomas Tuxelin gələcək taleyinə aydınlıq gəlib.
ESPN-in məlumatına görə, İngiltərə Futbol Assosiasiyası (FA) uğursuzluğa baxmayaraq, alman mütəxəssislə yolları ayırmaq niyyətində deyil və onu postunda saxlamaq istəyir. Tuxel özü də turnirdən sonra komandadan ayrılmayacağını və işinə davam edəcəyini vurğulayıb.
Argentinaya məğlubiyyət Dumanlı Albionda böyük rezonans doğurub. BBC-nin tanınmış idman yazarı Con Bennet və bir çox keçmiş futbolçular Tuxelin taktikasını sərt tənqid ediblər: “1:0 öndə olduğu halda bu qədər erkən müdafiəyə çəkilmək Tuxel üçün ciddi suallar doğurur. O, məhz belə böyük oyunlarda fərqli və cəsarətli yanaşma nümayiş etdirmək üçün komandaya gətirilmişdi. Qaret Sautqeytin Avro-2020-nin finalındakı bənzər qərarlarına görə necə tənqid olunduğunu hər kəs xatırlayır”.
Tənqidlərin fonunda FA rəhbərliyi alman mütəxəssi müdafiə edib. Qurumun icraçı direktoru Mark Bullinqem rəsmi bəyanatla çıxış edərək komandaya dəstək nümayiş etdirib.
Mənbənin bildirdiyinə görə, Tuxelin Böyük Britaniya və İrlandiyanın ev sahibliyi edəcəyi Avro-2028-ə qədər müqaviləsi var və rəhbərlik onun bu müddətin sonuna qədər millini çalışdırmasını planlaşdırır.
Baş məşqçi gələcəyi ilə bağlı iddialara son qoyaraq, komandada qalacağını təsdiqləyib: “Müqaviləm ev sahibliyi edəcəyimiz Avropa çempionatına qədərdir və mən indidən o turniri səbirsizliklə gözləyirəm. Hazırda bu uğursuzluqdan sonra irəli baxmaq çətin olsa da, işimizi davam etdirəcəyik. Amma ilk növbədə dünya çempionatı bizim üçün bitməyib. Çox da böyük həvəslə gözləməsək də, oynamalı olacağımız daha bir matç var”.
İngiltərə millisi dünya çempionatının bürünc medalları uğrunda şənbə günü, Bakı vaxtı ilə saat 01:00-da Fransa ilə üz-üzə gələcək.