Oktyabrın 4-dən 11-nə qədər Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıq işləri plan üzrə davam edir. Azərbaycan Cüdo Federasiyası (ACF) bu mötəbər yarışın ölkəmizdə yüksək səviyyədə təşkili istiqamətində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə sıx və koordinasiyalı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Bu barədə paytaxtımızda təşkil olunacaq dünya çempionatına həsr olunmuş mətbuat konfransında ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib. Onun sözlərinə görə, Bakı tatamilərində 100-ə yaxın ölkədən 600-dən çox cüdoçunun mübarizə aparacağı gözlənilir. Turnirin kifayət qədər rəqabətli keçəcəyini vurğulayan federasiya rəsmisi bildirib ki, Yaponiya və Fransa kimi aparıcı cüdo ölkələri artıq öz heyətlərini rəsmi şəkildə açıqlayıblar. Bakıda olimpiya, dünya və qitə çempionları başda olmaqla planetin ən güclü cüdoçuları bir araya gələcək. R.Rəsullu əsas hədəflərinin bu dünya çempionatını tarixin ən yaxşı təşkil olunmuş yarışlarından birinə çevirmək olduğunu diqqətə çatdırıb.
Milli komandanın hazırlıq prosesinə də toxunan icraçı vitse-prezident yığmanın ilin əvvəlindən etibarən genişmiqyaslı proqram üzrə çalışdığını bildirib. Belə ki, komandamız Avstriya, Belçika, Fransa, Özbəkistan, Çexiya, Gürcüstan, İspaniya, İtaliya və Monqolustanda təşkil olunan beynəlxalq təlim-məşq toplanışlarında iştirak edib. Hazırda millinin bir neçə üzvü Yaponiyada, əsas heyəti isə Qusarda hazırlıqlarını davam etdirir. Plana əsasən, cüdoçularımız avqustun 5–15-də Qazaxıstanda keçiriləcək növbəti beynəlxalq təlim-məşq toplanışına yollanacaqlar. Bundan əlavə, növbəti aylarda bir sıra xarici yığmaların iştirakı ilə Bakıda da birgə beynəlxalq məşqlərin təşkili nəzərdə tutulur. Mətbuat konfransında həmçinin dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və yarışın tanıtım çarxı nümayiş olunub. Azərbaycan cüdoçularının yer aldığı ekran işində idmançılarımızın mötəbər beynəlxalq turnirlərdəki çıxışları, parlaq qələbələri və yaddaqalan döyüşlərindən unikal görüntülər yer alıb. Təşkilati məsələlərin digər mühüm tərəfi olan bilet satışına isə iyulun 2-dən start verilib. Turnirə azarkeş marağının olduqca yüksək olduğunu deyən federasiya rəsmisi indiyədək artıq 670 biletin satıldığını vurğulayıb.