Beynəlxalq mətbuatın məlumatına görə, FİFA DÇ-2026-nın finalında futbolun “müqəddəs qaydalarından” birini pozmağa hazırlaşır. Ali futbol qurumu, həlledici matçın hissələrarası fasiləsini ulduzların iştirakı ilə keçiriləcək möhtəşəm şouya görə əhəmiyyətli dərəcədə uzatmağı planlaşdırır. Bazar günü baş tutacaq finalın fasiləsi “Superboul”u (Super Bowl) xatırladacaq və azarkeşlərə qeyri-adi tamaşa vəd edir.
“The Athletic” nəşrinin məlumatına görə, şou proqramı olduqca zəngindir: “Coldplay qrupundan Kris Martinin rəhbərliyi ilə təşkil olunacaq şouda Castin Biber, Şakira, BTS, Madonna, Burna Boy, venesuelalı dirijor Qustavo Dudamel və “PS22” xoru çıxış edəcək. Həmçinin, proqramda “Sezam küçəsi” (Sesame Street) və “Mappetlər”in (The Muppets) personajları da yer alacaq”.
Bu miqyaslı çıxışlar hissələrarası fasilənin ənənəvi müddətini qaçılmaz olaraq uzadacaq. “The Athletic”in mənbələrinə görə, FİFA əvvəlcə şounun 11 dəqiqə davam etməsini planlaşdırsa da, sonradan bu rəqəm dəyişdirilərək 20 dəqiqəyə qaldırılıb.
Lakin “The Times” nəşri oyunçuların paltardəyişmə otağında daha çox vaxt keçirəcəyini iddia edir. Nəşrin tanınmış idman jurnalisti Martin Ziqlerin sözlərinə görə, fasilə müddəti futbolçular üçün də sürpriz olacaq və yarım saata qədər çəkə bilər: “FİFA, “Superboul” üslubunda möhtəşəm şou təşkil etmək məqsədilə Dünya Çempionatının finalında fasiləni 30 dəqiqəyə qədər uzadaraq futbolun yazılmamış qanunlarını pozmaq niyyətindədir”.
Qeyd edək ki, bu dəyişiklik reallaşarsa, futbol tarixində ilk dəfə olaraq rəsmi matçda 15 dəqiqəlik standart fasilə reqlamenti kəskin şəkildə dəyişdirilmiş olacaq.