“Zirə”nin müdafiəçisi Anje Mutsinzi UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Torpedo” (Kutaisi) komandasına qarşı keçiriləcək cavab matçı öncəsi fikirlərini bölüşüb.
Oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Ruanda millisinin üzvü, ilk qarşılaşmadakı darmadağından (3:0) sonra arxayınlığa yer olmadığını vurğulayıb: ”Bizi güclü rəqiblə çətin oyun gözləyir. İlk matçdakı böyükhesablı qələbə növbəti mərhələyə yüksəlməyimizə zəmanət vermir. Sona qədər mübarizə aparmaq məcburiyyətindəyik. Meydana ilk görüşün nəticəsini unudaraq, yalnız qələbə qazanmaq üçün çıxacağıq”.
Xatırladaq ki, tərəflər arasında Bakıda baş tutan ilk qarşılaşma “qartallar”ın 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
”Torpedo” və “Zirə” arasındakı cavab qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.