FİFA prezidenti Canni İnfantinonun Dünya Çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planı Avropanın futbol rəhbərlərini hərəkətə keçirib. UEFA İnfantinoya qarşı “PSJ”-nin prezidenti və Avropa Klublar Assosiasiyasının (ECA) rəhbəri Nasser Əlhələfini namizədliyini irəli sürməyi nəzərdən keçirir.
UEFA 55 milli federasiyanın iştirakı ilə təcili iclas çağırır. Müzakirə olunacaq kəskin məsələlərdən biri hətta növbəti dünya çempionatının boikot edilməsi ehtimalıdır.
Avropa futbol dairələrində Nasser Əl-Xələfi Canni İnfantinoya qarşı ən güclü fiqurlardan biri hesab olunur. Qətər kapitalının dəstəyi ilə “PSJ”ni dünya futbolunun aparıcı klublarından birinə çevirən Əl-Xələfi, eyni zamanda “beIN Media” media qrupuna rəhbərlik edərək həm maliyyə, həm də media baxımından böyük nüfuza malikdir. O, həmçinin 2021-ci ildə 12 aparıcı klubun yaratmağa çalışdığı Avropa Super Liqası layihəsinə qarşı çıxan əsas simalardan biri kimi futbolun mövcud idarəetmə modelinin qorunmasında mühüm rol oynamışdı.
Gərginliyə səbəb İnfantinonun FİFA-nın kommersiya hüquqlarını (yayım, sponsorluq, bilet satışı) idarə edəcək yeni “FIFA Forward Enterprise” şirkətinin 20%-lik payını özəl sektora satmaq istəyidir. Şirkətin ümumi dəyəri 20 milyard dollar qiymətləndirilir. Əsas investor kimi isə Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerin rəhbərlik etdiyi fond çıxış edir. Bu sövdələşmə FİFA-nın siyasi və maliyyə neytrallığını itirməsi kimi qiymətləndirilir.
Əlhələfinin nümayəndələri onun FİFA postuna iddialı olmadığını bildirsələr də, UEFA kulisində “ulduzların üst-üstə düşdüyü” və onun İnfantinonu taxtından sala biləcək yeganə namizəd olduğu vurğulanır.
Müqaviməti sındırmaq üçün İnfantino planı dəstəkləyəcək 211 üzv federasiyanın hər birinə 20 milyon dollaradək birdəfəlik qrant və gələcəkdə artırılmış ödənişlər vəd edir. Lakin İnfantinonun Donald Trampla həddindən artıq yaxın münasibəti və ABŞ-nin xeyrinə verdiyi qərarlar artıq Avropa Parlamentinin 90 deputatının rəsmi etirazına səbəb olub. 2027-ci ildə növbəti müddətə seçilməyi planlaşdıran İnfantinonu qarşıda gərgin siyasi və idman mübarizəsi gözləyir.