FİFA, Dünya çempionatı ilə bağlı səhmlərin özəl investorlara satılması ideyasından rəsmən imtina edib. İdman mətbuatı bu qərarı təşkilatın prezidenti Canni İnfantinonun ağır məğlubiyyəti kimi qiymətləndirir və onun idarəçiliyinin sona çatdığını bildirir.
İnfantino bu addımı UEFA-nın boykotundan və futbol ictimaiyyətinin kəskin etirazından sonra atmağa məcbur olub. Buna baxmayaraq, FİFA yaranmış böhranda mediada yer alan “yalan məlumatları” günahlandırmağa çalışıb.
Məsələyə münasibət bildirən tanınmış idman jurnalistləri də FİFA rəhbərliyinin addımlarını kəskin tənqid edərək, prosesin tamamilə şəffaflıqdan kənar yürütüldüyünü vurğulayıblar. Məşhur insayder Romen Molina FİFA-nın öz uğursuzluqlarına görə yenə mətbuatı günahlandırdığını bildirərək qeyd edib ki, əsl problem jurnalistlərdə deyil, İnfantinonun FİFA komitələrini və daxili prosedurları kənara qoyaraq bu layihəni Tramp administrasiyası ilə gizli şəkildə yürütməsindədir.
“GiveMeSport” nəşrinin əməkdaşı Ben Ceykobs isə İnfantinonun bu planı bir ildən çoxdur bütün konfederasiyalardan gizli saxladığını xatırladaraq, konfederasiyaların kəskin reaksiyasının tamamilə təbii olduğunu və prezidentin vaxtında məlumat vermədiyi üçün bu vəziyyətə düşdüyünü vurğulayıb. ESPN-in şərhçisi Fernando Palomo isə bu təklifin zatən qəbul edilə bilməyəcəyini və yaranmış böhran fonunda İnfantinonun prezident kimi günlərinin artıq sayıldığını diqqətə çatdırıb.
UEFA da FİFA-nın geri çəkilmək qərarına münasibət bildirərək, İnfantinonu yalançılıqda və şəffaflığı pozmaqda ittiham edib. Qurumun rəsmi bəyanatında deyilir: “Biz təkcə üzv assosiasiyaların deyil, bütün dünyadakı azarkeşlərin, klubların, futbolçuların və dövlət rəhbərlərinin təzyiqi nəticəsində bu layihənin geri çəkilməsini alqışlayırıq. Futbolun kommersiya maraqlarına qurban verilə bilməyəcəyini sübut etdik. Gizli planlar hazırlayanlar müəyyənləşdirilməli və məsuliyyətə cəlb olunmalıdırlar”.
UEFA bəyanatda Canni İnfantinonun 2016-cı ildə FIFA prezidenti seçilərkən verdiyi vədləri də xatırladıb. Qurum qeyd edib ki, İnfantino həmin vaxt FIFA-nın vəsaitlərinin futbolun inkişafına yönəldiləcəyini bildirmişdi. Lakin UEFA-nın iddiasına görə, FIFA-nın bank hesablarında 5 milyard dollardan çox maliyyə ehtiyatı olmasına baxmayaraq, bu vəsaitlər lazımi səviyyədə futbolun inkişafına sərf edilməyib.
Avropa futbol qurumu “FIFA Forward” proqramı çərçivəsində bu maliyyə ehtiyatlarının 211 üzv assosiasiyada uşaq və həvəskar futbolunun inkişafına yönəldilməsi üçün yeni mexanizm təklif edəcəyini açıqlayıb. “Ailə yadigarlarımızı, yəni futbolun ən qiymətli irsini satmağa ehtiyac yoxdur. Bu, bütün futbolun qələbəsidir. Ancaq FIFA-ya etimadın bərpası uğrunda mübarizə yeni başlayır”, – deyə UEFA bəyanatında vurğulanıb.