Asiya Futbol Konfederasiyası (AFK) FİFA prezidenti Canni İnfantinonun Dünya Çempionatının təşkilinə özəl investorların cəlb olunması planına qarşı rəsmi etirazını bildirib. Qurum bu məsələdə UEFA və KONKAKAF-ın mövqeyini tam dəstəklədiyini bəyan edib.
AFK-nın rəsmi saytında yayımlanan açıqlamada “FIFA Forward Enterprise” (FFE) layihəsinin mövcud formada qəbulolunmaz olduğu və futbol ictimaiyyətində lazımi dəstəyi tapa bilməyəcəyi vurğulanıb.
Qurumun bəyanatında FİFA-dakı idarəetmə və qərarqəbulu mexanizmləri sərt tənqid olunub: “Dünya Çempionatının boykot edilməsi ehtimalının ictimai müstəvidə müzakirə olunması futbolun gələcəyinə cavabdeh olan hər kəsi narahat etməlidir. Futbol heç vaxt bu vəziyyətə düşməməli idi. FİFA-da idarəetmə və qərarqəbulu sistemi təcili olaraq yenidən nəzərdən keçirilməli, qlobal layihələr şəffaf və bütün tərəflərin iştirakı ilə müzakirə olunmalıdır. Dünya Çempionatının gələcəyi bütün konfederasiyaların və milli assosiasiyaların rəyi nəzərə alınmaqla, birgə formalaşdırılmalıdır”.
Xatırladaq ki, bundan əvvəl UEFA FİFA-nın kommersiya təşəbbüslərindən imtina etməyəcəyi təqdirdə, qurumun bayrağı altında keçirilən yarışları boykot edəcəyi ilə hədələmişdi. AFK-nın da bu mövqeyə qoşulması FİFA rəhbərliyinə təzyiqləri daha da artırıb.