“New York Post”un xəbərinə görə, Canni İnfantino postunda qalmaq ümidi ilə Donald Trampa müraciət etməyə cəhd edib. Lakin kiçik bir problemlə üzləşib: ABŞ Prezidenti onun zənglərinə cavab vermir.
FİFA prezidenti Canni İnfantino hazırda güclü təzyiqlə üz-üzədir. Bir çox qitə konfederasiyaları və milli assosiasiyalar öz narazılıqlarını açıq şəkildə bildiriblər.
Mövcud şəraitdə FIFA rəhbəri postunu qorumaq naminə bütün mümkün vasitələrə əl atır. “New York Post”un əldə etdiyi məlumata görə, İnfantino xilas olmaq üçün Donald Trampdan kömək istəyib. O, ABŞ prezidentinə dəfələrlə zəng etsə də, qarşı tərəf bu zəngləri cavabsız qoyub.
Ağ Evdən cavab ala bilməyən İnfantino, əvəzində ABŞ Dövlət Katibi Marko Rubio ilə görüş təyin etməyə müvəffəq olub.
Nəşrə danışan mənbə bildirib: “O, videokonfrans vasitəsilə futbolun Birləşmiş Ştatlar üçün necə bir “yumşaq güc” alətinə çevrilə biləcəyini müzakirə etmək istəyirdi. Lakin hər kəsə bəllidir ki, söhbət yalnız onun öz vəzifəsini qorumasından gedir. Hazırda onu başqa heç nə maraqlandırmır”.
Mənbələr həmçinin iddia edir ki, mediadan və həmkarlarından gələn kəskin tənqidlərdən sonra FİFA-nın ali rəhbərliyi özünü tamamilə təcrid olunmuş hiss edir. Hətta təşkilat daxilində İnfantinonu vəzifədən kənarlaşdırmaq üçün “Mənfur varlığı məhv et” (“Kill the Monster”) adlı gizli bir planın hazırlandığı da vurğulanır.
İnfantinoya qarşı inamsızlığın kökündə dayanan səbəb artıq bəllidir. FİFA prezidenti Dünya Çempionatının kommersiya gəlirlərini idarə edəcək özəl şirkətin səhmlərini satmağa cəhd göstərmişdi. Böyük etiraz dalğasından sonra ali futbol qurumu bu plandan geri çəkilməli oldu.
Buna baxmayaraq, növbəti il keçiriləcək prezident seçkiləri ərəfəsində İnfantinoya olan etimad ciddi şəkildə sarsılıb. Layihə ləğv edildikdən sonra onu cüzi sayda federasiya dəstəkləyir. Məhz bu səbəbdən isveçrəli funksioner rəhbər postunda qalmaq üçün son kartlarını oynayır.