Portuqaliyanın paytaxtı Lissabonda UEFA-nın təşkilatçılığı ilə “Məktəblərdə futbol” mövzusunda beynəlxalq seminar işinə başlayıb.
AFFA-nın rəsmi məlumatına görə, tədbirin əsas qayəsi Avropa ölkələri arasında məktəbli futbolunun inkişafı, idmanın bu növünün kütləviləşdirilməsi və uşaqların fiziki aktivliyə cəlb olunması istiqamətində təcrübə mübadiləsi aparmaqdır.
Ölkəmizi bu mötəbər tədbirdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, həmçinin qurumun aparıcı mütəxəssisləri Orxan Mikayıllı və Ziya Səfərov təmsil edirlər. Nümayəndə heyətimiz seminar çərçivəsində müxtəlif ölkələrin uğurlu modelləri ilə tanış olacaq və interaktiv sessiyalarda yaxından iştirak edəcəklər. Seminarda Azərbaycanla yanaşı, Avropanın futbol ənənələri ilə seçilən 17 ölkənin nümayəndə heyəti iştirak edir.