“Real”ın prezidenti Florentino Peres komandanın uğursuzluqla başa vurduğu mövsümün günahkarını tapıb. Klub rəhbəri bu fiaskonu Klublararası Dünya Çempionatında iştirakla əlaqələndirərək, hər kəsi təəccübləndirib.
Xatırladaq ki, “Kral klubu” üçün cari mövsüm tamamilə uğursuz alınıb: heç bir titul qazana bilməyən komandada öncə Xabi Alonso, ardınca isə Alvaro Arbeloa vəzifələrindən kənarlaşdırılıb. Peres isə bu durğunluğun əsas səbəbini turnir təqvimində görür.
Prezident öz mövqeyini belə əsaslandırıb: “Klublararası Dünya Çempionatı bu mövsüm bizi sadəcə məhv etdi. Lazımi səviyyədə mövsümöncəsi hazırlıq keçə bilmədik və nəticədə üç ay ərzində 28 oyunçumuz zədələndi. Bu, bizim üçün ağır, lakin vacib təcrübə oldu. Mən bu turnirdə oynamağın tərəfdarıyam, lakin bütün mövsümü qurban vermək bahasına yox”.
“Real”ın yenidən zirvəyə qayıtması üçün isə klubun Joze Mourinyoya güvənəcəyi gözlənilir. İddialara görə, portuqaliyalı mütəxəssis transfer bazarında “ulduz” ovuna çıxmaq niyyətində deyil. Əvəzində Mourinyo komandada qaçış göstəriciləri yüksək olan və meydanda hər qarış uğrunda mübarizə aparmağa hazır, intizamlı oyunçu qrupuna üstünlük verməyi planlaşdırır.