“Sabah”ın avrokuboklardakı yürüşü bu həftə davam edəcək. “Bayquşlar” Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında Finlandiya KuPS-unu qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü isə iyulun 28-də, saat 18:00-da “Vere Arena”da baş tutacaq.
Xatırladaq ki, “KuPS” birinci mərhələdə Şimali Makedoniyanın “Vardar” klubunu ümumi 4:3 hesablı nəticə ilə mübarizədən kənarlaşdırıb. “Sabah” isə Uelsin “Nyu Seynts” komandasını iki oyunun yekununda 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
KuPS-un baş məşqçisi Miika Nuutinen rəqibə hörmətlə yanaşdıqlarını bildirib: “Sabah”ın son mövsümdə Azərbaycan çempionu olması çox şeydən xəbər verir. Onlar kombinasiyalı futbolu sevən, cinah hücumlarında təhlükəli olan və topla oynamağı bacaran kollektivdir. Biz intizamlı müdafiə olunmalı, eyni zamanda öz oyunumuzu rəqibə qəbul etdirməliyik”.
Komandanın qapıçısı Yohannes Kreydl isə arenanın vəziyyətindən razı qalıb: “Şərait əladır, meydanın və topun sürətini hiss etmək vacib idi. Rəqibin topa nəzarət etməyi sevdiyini bilirik, lakin biz də meydanda çəkinmədən, öz oyunumuzu sərgiləməliyik. Beynəlxalq matçlarda heç kimdən qorxmalı deyilik, meydana qələbə əzmi ilə çıxırıq”.
Xatırladaq ki, bu cütün qalibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün güclüsünü sınağa çəkəcək. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasının üçüncü təsnifat mərhələsində davam etdirəcək və burada “Levski” (Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.