2030-cu il dünya çempionatının finalının keçiriləcəyi stadion hələ rəsmən açıqlanmayıb. Lakin Mərakeş Futbol Federasiyasının prezidenti Fövzi Ləkcaa finalın ölkəsində, Kasablanka yaxınlığında inşa olunan II Həsən stadionunda keçiriləcəyini artıq əminliklə bəyan edib.
Ləkcaanın bu açıqlaması İspaniyanın “Marca” nəşrinin diqqətini çəkib. Mərakeşli futbol rəsmisi bildirib ki, stadionun yerləşdiyi Bensliman əyaləti 2030-cu il dünya çempionatının finalına ev sahibliyi edəcək.
“Stadionun inşa olunduğu əyalət 2030-cu ildə dünya çempionatının finalını qəbul etmək şərəfinə layiq görüləcək. Növbəti hökumətə daxil olmaq istəyən hər kəsin bu ərazinin inkişafına diqqət yetirməkdən başqa yolu olmayacaq”, – Ləkcaa bildirib.
O, daha sonra fikrini daha qəti şəkildə ifadə edib: “İnsanlar bunu istəyir, ya yox, Bensliman əyaləti dünya çempionatının finalını qəbul edəcək. Danışmaq istəyənlər danışsın”.
Lakin Ləkcaanın açıqlamasından bir neçə saat sonra “Marca” FİFA-nın bu məlumatı təkzib etdiyini yazıb. Dünya futbol qurumu bildirib ki, finalın keçiriləcəyi məkanla bağlı qərar “lazımi vaxtda” açıqlanacaq.
Beləliklə, əsas sual açıq qalır: Ləkcaa FİFA-nın qərarından əvvəl ona məlum olan hər hansı məlumatı açıqlayıb, yoxsa bu, Mərakeşin finala ev sahibliyi etmək uğrunda apardığı kampaniyanın bir hissəsidir?
Hazırda II Həsən stadionunun tikintisi davam edir. Arenanın 2027-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Stadionun tutumu 115 min nəfər olacaq ki, bu da onu dünyanın ən böyük futbol arenalarından birinə çevirəcək.
2030-cu il dünya çempionatına Mərakeş, Portuqaliya və İspaniya birgə ev sahibliyi edəcək. Turnirin 100 illiyi münasibətilə Argentina, Uruqvay və Paraqvayda da oyunlar keçiriləcək. İlk dünya çempionatı 1930-cu ildə Uruqvayın paytaxtı Montevideoda təşkil olunmuşdu.
Final üçün əsas namizəd isə hazırda Madridin “Real” klubunun ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” hesab olunur. Barselonadakı “Kamp Nou” da finala ev sahibliyi edə biləcək əsas arenalardan biridir. FİFA-nın rəsmi qərarı açıqlanana qədər isə II Həsən stadionunun finala ev sahibliyi edəcəyi barədə iddia yalnız Mərakeş tərəfinin açıqlaması olaraq qalır.