Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə intizam məsuliyyətinə cəlb olunub. Portuqaliya Futbol Federasiyası təcrübəli hücumçu ilə bağlı yekun qərar verməyə hazırlaşır.
Məlumata görə, 41 yaşlı futbolçu Norveçlə oyunda meydana çıxmaq şansı qazanmadığı üçün narazılığını bildirib və komandanın düşərgəsini icazəsiz tərk edib. Qaydalara əsasən, bu addım onun barəsində intizam prosedurunun başlanmasına səbəb olub. Federasiya indi Ronaldonun hansı müddətə diskvalifikasiya ediləcəyini müəyyənləşdirməlidir. Müzakirə olunan cəzanın bir aydan altı ayadək ola biləcəyi bildirilir.
Sanksiyanın müddəti bir ayı keçərsə, ulduz hücumçu noyabrda Millətlər Liqası çərçivəsində Danimarka və Uelsə qarşı keçiriləcək oyunları buraxa bilər.
Baş verənlərə görə üzr istəyən Ronaldo cəzalandırılacağını anladığını bildirib. Bununla belə, o, münaqişənin yaranmasında baş məşqçi Jorje Jezuşu günahlandırıb.
Portuqaliyalı hücumçunun iddiasına görə, təcrübəli mütəxəssis Norveçlə qarşılaşmada ona son 30 dəqiqədə meydana çıxmaq imkanı verəcəyinə söz verib, lakin vədinə əməl etməyib. Ronaldo, həmçinin Jezuşun matçdan sonra mətbuat konfransında onu səbəbsiz yerə isinməyə göndərdiyini etiraf edəcəyini söylədiyini, ancaq baş məşqçinin bu vədinə də əməl etmədiyini iddia edib.